Rayon haqqında
İqtisadiyyat
Ümumi məhsul buraxılışı və əhalinin gəlirləri
2023-cü ildə Tərtər rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 293332,5 min manat olmuş, onun əhalinin hər nəfərinə düşən həcmi 3651,9 manat təşkil etmişdir. 2022-ci ilə nisbətən məhsul buraxılışı 12,0 faiz artmışdır. Məhsul və xidmətlərin 75,3 faizi məhsul istehsalı sahələrinin, 24,7 faizi xidmət sahələrinin payına düşmüşdür.
2023-cü ildə 114033,5 min manat və ya ümumi məhsulun 38,9 faizi qədər kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 69467,0 min manat (23,7%) ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində, 77672,3 min manat (26,5%) tikinti sahəsində, 29148,3 min manat (9,9%) sənaye sahəsində, 2131,6 min manat (0,7%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 879,8 min manat (0,3%) informasiya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.
2023-cü ildə əhalinin gəlirləri 2022-ci ilə nisbətən 6,4 faiz artaraq 276075,8 min manat təşkil etmişdir.
Kənd təsərrüfatı
Tərtər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bitkiçilik və heyvandarlıq onun prioritet istiqamətlərindəndir.
2023-cü ildə rayon üzrə ümumi məhsul buraxılışının 38,9 faizi kənd təsərrüfatının hesabına formalaşır. 2023-cü ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 114033,5 min manat təşkil etmişdir ki, onun 67419,6 min manatı və ya 59,1 faizi bitkiçilik məhsullarının, 46613,9 min manatı və ya 40,9 faizi heyvandarlıq məhsullarının payına düşür. 2022-ci ilə nisbətən kənd təsərrüfatı məhsulunun həcmi 8,0 faiz artmışdır.
2023-cü ildə rayonda 23258,6 ton buğda, 15649,1 ton arpa, 1145,5 ton dən üçün qarğıdalı, 4,2 ton darı, 135,7 ton paxlalılar, 6314,9 ton pambıq, 1035,4 ton şəkər çuğunduru, 6192,9 ton dən üçün günəbaxan, 5744,5 ton kartof, 15849,6 ton tərəvəz, 18202,6 ton meyvə və giləmeyvə, 809,6 ton üzüm istehsal edilmişdir.
2023-cü ildə 2022-ci ilə nisbətən kənd təsərrüfatı məhsullarından buğdanın məhsuldarlığı 0,7 sentner/ha, arpanın məhsuldarlığı 4,4 sentner/ha, dən üçün qarğıdalının məhsuldarlığı 0,6 sentner/ha, dən üçün günəbaxanın məhsuldarlığı 1,0 sentner/ha, tərəvəzin məhsuldarlığı 8,9 sentner/ha, şəkər çuğundurunun məhsuldarlığı 341,4 sentner/ha, paxlalıların məhsuldarlığı 11,3 sentner/ha, meyvə və giləmeyvənin məhsuldarlığı 9,5 sentner/ha, üzümün məhsuldarlığı 0,4 sentner/ha, kartofun məhsuldarlığı 34,7 sentner/ha artmış, pambığın məhsuldarlığı isə 4,4 sentner/ha azalmışdır.
2023-cü ilin sonuna rayonda 34224 baş iri buynuzlu mal-qara, o cümlədən 13928 baş inək və camışlar, 46231 baş qoyun və keçilər, 228,5 min baş müxtəlif növ quşlar mövcud olmuşdur. 2022-ci illə müqayisədə iri buynuzlu mal-qaranın sayı 8,6 faiz, o cümlədən inək və camışların sayı 5,3 faiz, qoyun və keçilərin sayı 6,3 faiz, quşların sayı 4,5 faiz artmışdır.
Mal-qaranın baş sayına dair məlumatların təhlili göstərir ki, təsərrüfatlar onların sayının sabit saxlanılmasına meyillidir və sürü dövriyyəsində kəsimə gedən mal-qaranın səmərəli şəkildə tənzimləməyə çalışırlar. Bunun nəticəsidir ki, 2023-cü ildə rayonda 2064,0 ton diri çəkidə ət, 24231,0 ton süd, 13115,0 min ədəd yumurta, 88.0 ton fiziki çəkidə yun istehsal olunmuşdur. 2022-ci illə müqayisədə ət istehsalı 3,3 faiz, süd istehsalı 3,1 faiz artmış, yumurta istehsalı 3,2 faiz azalmış, yun istehsalı isə sabit qalmışdır.
Sənaye
2023-сü ildə sənaye sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi 2022-ci ilə nisbətən 11,2 faiz azalaraq 29148,3 min manat təşkil etmişdir ki, onun da 12477,5 min manatı və ya 42,8 faizi qeyri-dövlət sektorunun payına düşür.
Sənaye məhsulunun 2444,9 min manatı və ya 8,4 faizi mədənçıxarma, 13909,8 min manatı və ya 47,7 faizi emal, 11267,6 min manatı və ya 38,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1526,0 min manatı və ya 5,2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
2023-cü ilin sonuna sənaye sahəsində çalışan işçilərin siyahı sayı əvvəlki ilə nisbətən 25,8 faiz artaraq 664 nəfər olmuş, işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,7 faiz artaraq 840,0 manat olmuşdur. Ümumiyyətlə, son 5 ildə rayon sənayesində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 75,7 faiz artmışdır.
Tikinti
2023-cü ildə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 86150,9 min manat və ya 2022-ci ilə nisbətən 42,2 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 77672,3 min manatı və ya 90,2 faizi tikinti-quraşdırma işlərinə yönəldilmişdir.
Ümumi sərmayənin 82239,4 min manatı və ya 95,5 faizi dövlət, 3911,5 min manatı və ya 64,5 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur.
2023-cü ildə vətəndaşların şəxsi vəsaiti hesabına ümumi sahəsi 3580,0 kvadrat metr, dəyəri 1332,0 min manat olan 25 yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir.
2023-cü ildə tikinti müəssisələrinin yerinə yetirdikləri tikinti işlərinin həcmi 15375,6 min manat təşkil etmişdir. Tikinti işlərinin 2128,3 min manatı və ya 13,8 faizi dövlət, 13247,3 min manatı və ya 86,2 faizi qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilmişdir.
Görülmüş tikinti işlərinin 1277,2 min manatını (8,3%) tikinti, yenidənqurma, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə, 1307,9 min manatını (8,5%) əsaslı təmir, 11558,0 min manatını (75,2 %) cari təmir, 1232,5 min manatını ( 8,0 %) sair işlər təşkil etmişdir.
Nəqliyyat
2023-cü ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən göstərilmiş xidmətlərin faktiki qiymətlərlə ümumi həcmi 2131,6 min manat olmuşdur. 2022-ci il ilə müqayisədə nəqliyyat xidmətinin həcmi real ifadədə 1,4 faiz azalmışdır. Nəqliyyat sektorunda göstərilmiş xidmətlərin 1582,6 min manatı və ya 74,2 faizi fiziki şəxslər tərəfindən yük və sərnişin daşınmasında göstərilmiş xidmətlərdir.
2023-cü ildə avtomobil nəqliyyatı ilə 405,0 min ton yük, 6935,0 min sərnişin daşınmışdır. Daşınan yüklərin və sərnişinlərin hamısı avtomobil nəqliyyatı ilə daşınmışdır.
2023-cü ilin sonuna rayonda 10550 avtomobil mövcud olmuşdur. Onlardan 1200-ü yük avtomobili, 172-si sərnişin avtobusları, 9090-ı sərnişin minik avtomobilləri, 52-si xüsusi təyinatlı avtomobillər, 36-sı isə digər avtomobillərdir. Sərnişin minik avtomobillərinin 9022-si və ya 99,3 faizi şəxsi minik avtomobilləridir.
2023-cü ildə hər 100 ev təsərrüfatına düşən şəxsi minik avtomobillərinin sayı 2022-ci ilə nisbətən 7,7 faiz artaraq 56 olmuşdur. Son 5 ildə hər 100 ailəyə düşən minik avtomobillərinin sayı 93,1 faiz artmışdır.
İnformasiya, rabitə və poçt
2023-cü ildə informasiya və rabitə xidmətlərinin həcmi 2022-ci ilə nisbətən 4,4 faiz azalaraq 879,8 min manat olmuşdur.
2023-cü ilin sonuna ümumi nömrə tutumu 8637 olan 30 elektron sistemli ATS fəaliyyət göstərmişdir. 3129 nömrə tutumlu 1 ATS şəhərdə, 5508 nömrə tutumlu 29 ATS kənd yerlərində fəaliyyət göstərmişdir.
2023-cü ilin sonuna hər 100 ailəyə düşən telefon aparatlarının sayı 39 ədəd olmuşdur. Bu göstərici şəhər yerlərində 42 ədəd, kənd yerlərində 39 ədəd olmuşdur.
Mobil telefon abunəçilərinin sayı son 5 ildə 2,8 faiz artaraq 62,0 min abunəçi olmuşdur.
Ticarət
2023-cü ildə rayonda pərakəndə ticarət dövriyyəsinin həcmi 217.1 milyon manat olmaqla ölkə üzrə pərakəndə ticarət dövriyyəsinin 0.4 faizini təşkil etmişdir. Pərakəndə ticarət dövriyyəsinin həcmi 2022-ci ilə nisbətən 1,9 faiz azalmış, 2005-ci ilə nisbətən 57,9 faiz, 2010-cu ilə nisbətən 9,0 faiz artmışdır.
2023-cü ildə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq malları, içkilər və tütün məmulatlarının xüsusi çəkisi üstünlük təşkil etmişdir. Pərakəndə ticarət dövriyyəsinin 122,0 milyon manatını və ya 56,2 faizini ərzaq malları, içkilər və tütün məmulatları təşkil etmişdir.
2023-cü ildə yerli istehsal mallarının ticarət dövriyyəsi 141,8 milyon manat, idxal mallarının ticarət dövriyyəsi 75,3 milyon manat təşkil etmişdir. Ümumi ticarət dövriyyəsinin 65,3 faizi yerli istehsal, 34,7 faizi isə idxal mallarının ticarət dövriyyəsinin payına düşmüşdür.
2023-cü ildə qeyri neft-qaz məhsullarının pərakəndə ticarət dövriyyəsi 177,1 milyon manat olmuşdur. Qeyri neft-qaz məhsullarının pərakəndə ticarət dövriyyəsinin ümumi ticarət dövriyyəsində xüsusi çəkisi 81,6 faiz olmuşdur.
2023-cü ildə əhalinin hər nəfərinə düşən pərakəndə ticarət dövriyyəsinin həcmi 2019-cu ilə nisbətən 454,39 manat və ya 20,3 faiz, 2023-cü ilə nisbətən 155,04 manat və ya 6,1 faiz artaraq 2694,96 manat təşkil etmişdir.
2023-cü ilin sonuna rayonda pərakəndə ticarət şəbəkəsi ümumi sahəsi 23.6 min kv.metr olan 759 mağaza və 9 köşkdən ibarətdir. Pərakəndə ticarət müəssisələrində mal ehtiyatları ilin sonuna 7048,7 min manat olmuşdur. Onun 2392,0 min manatı ərzaq malları, içkilər və tütün məmulatlarının, 4656,7 min manatı qeyri-ərzaq mallarının ehtiyatları olmuşdur.
2023-cü ildə rayonda topdansatış ticarət dövriyyəsinin həcmi 34,1 milyon manat olmaqla ölkə üzrə topdansatış ticarət dövriyyəsinin 0,1 faizini təşkil etmişdir.
Turizm və xidmətlər
2023-cü ildə rayonda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 31,3 milyon manat olmaqla əvvəlki ilə nisbətən 9,7 faiz artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcminin ölkə üzrə ödənişli xidmətlərdə xüsusi çəkisi 0.3 faiz olmuşdur.
Əhaliyə göstərilən ödənişli xidmətlərin 14,0 faizi və ya 4380,2 min manatı bilavasitə əhaliyə göstərilən məişət xidmətləridir. 2023-cü ildə əhaliyə göstərilən məişət xidmətlərinin həcmi əvvəlki ilə nisbətən 4,3 faiz artmışdır.
2023-cü ildə əhalinin hər nəfərinə düşən ödənişli xidmətlərin həcmi 389,42 manat, əhalinin hər nəfərinə düşən məişət xidmətlərinin həcmi 54,45 manat olmuşdur. Son beş ildə əhalinin hər nəfərinə düşən ödənişli xidmətlərin həcmi 11,5 faiz, əhalinin hər nəfərinə düşən məişət xidmətlərinin həcmi isə 2,2 faiz artmışdır.
2023-cü ildə rayonda 103 sahibkarlıq subyekti iaşə fəaliyyəti göstərmişdir. Əhalinin hər nəfərinə düşən iaşə dövriyyəsinin həcmi 47,0 manat olmuşdur. 2023-cü ildə rayonda iaşə dövriyyəsinin həcmi əvvəlki ilə nisbətən 13,5 faiz artaraq 3780,2 min manat olmuşdur. İaşə xidmətləri ancaq hüquqi şəxs yaratmadan fərdi sahibkarların iaşə fəaliyyəti nəticəsində formalaşmışdır.
Əhalinin hər nəfərinə düşən iaşə dövriyyəsinin həcmi son beş ildə 3,5 faiz azalaraq 47,0 manat olmuşdur.
2023-cü ildə rayonda turizm infrastrukturunun əsas elementlərindən olan 2 mehmanxana fəaliyyət göstərmişdir. Bu müəssisədə nömrələrin sayı 48 vahid olmuşdur ki, onun hamısı I dərəcəli nömrələrdir. 2023-cü ildə bu mehmanxanada 3062 ölkə vətəndaşı yerləşdirilmiş və gecələmələrin sayı 3062 vahid olmuşdur. Mehmanxanalarda müvəqqəti yerləşmə xidmətindən istifadə edən şəxslər turizm deyil, digər məqsədlər üçün səfər edənlər olmuşlar.






