Açıq məlumatlar
Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən görülmüş işlərin hesabatı
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli, 1859 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün
Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il ərzində görülmüş işlər üzrə hesabat
“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859 nömrəli Sərəncamının 2.1 və 2.2-ci bəndlərinin icrasını təmin etmək, bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamından irəli gələn vəzifələri operativ qaydada və keyfiyyətlə yerinə yetirmək istiqamətində Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Bildiririk ki, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə rayon İcra Hakimiyyəti başçısının 06 yanvar 2021-ci il tarixli, 3 nömrəli Sərəncamı ilə 11 bənddən ibarət illik iş planı təsdiq edilmişdir. Verilmiş tapşırığa uyğun olaraq sözügedən iş planı elektron qaydada Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim olunmuşdur. İş planında nəzərdə tutulan tədbirlərin icrasını vaxtında, cevik və operativ şəkildə həyata keçirmək məqsədilə hər bir bənd üzrə tədbirlərin icraçıları və icra müddəti müəyyənləşdirilmiş, bununla bağlı aidiyyəti qurumlara, icraya məsul olan vəzifəli şəxslərə tapşırıq və tövsiyələr verilmişdir. Nəzərdə tutulan tədbirlər çərçivəsində açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi,ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması, həmçinin informasiya əldə edilməsinin təmin olunması məsələləri önə çəkilmişdir.
Hesabat dövründə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın müddəaları rəhbər tutularaq elektron xidmətlərin tətbiqi və istifadəsi, açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması diqqətdə saxlanılmışdır. Rayon İcra Hakimiyyətində ictimaiyyət tərəfindən daxil olan məlumatların dərhal qəbul edilməsi və müvafiq tədbir görülməsi üçün qaynar xətt telefon əlaqəsi yaradılaraq bu barədə əhali məlumatlandırılmış, rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə bağlı məlumatları əks etdirən terter-ih.gov.az internet səhifəsi açılmışdır ki, həmin səhifədə digər informasiyalarla yanaşı vətəndaşlara ərizə və təkliflərini elektron poçt vasitəsi ilə göndərmək imkanı yaradılmışdır. Yerli vergilərin və ödənişlərin Azərbaycan Respublikası Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi və elektron terminallar vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur.
Azərbaycan Respublikasında icra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın daha da təkmilləşdirilməsi, Azərbaycan Respublikası Milli Məclisinin və Komitələrinin iclaslarında qanun layihələrinin müzakirəsi ilə əlaqədar iştirakın təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin müvafiq tapşırıq məktubu rəhbər tutularaq işin təşkili üzrə rayon İcra Hakimiyyəti tərəfindən əlaqələndirici şəxs müəyyən edilərək onun barəsində məlumatlar təqdim olunmuşdur.
İş planında nəzərdə tutulan məsələlərin icra olunma müddəti gözlənilməklə hər bir tədbirin icra vəziyyəti nəzarətə götürülmüş, korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarına əməl olunması, etik davranış qaydaları pozulduğu halda intizam-tənbeh tədbirləri görülməsi məsələləri diqqətdə saxlanılmış, vətəndaşların elektron qaydada müraciətlərinin qəbul edilməsi işi təkmilləşdirilmiş, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın göstəriş və tövsiyələri rəhbər tutulmaqla fərdi qəbul üçün müraciət edən vətəndaşların təklif, ərizə və şikayətləri video formatda dinlənilmiş, irəli sürülən hər bir məsələnin həllinə diqqət artırılmışdır.
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq rayon İcra Hakimiyyəti yanında ictimai şuranın yaradılması ilə bağlı rayon İcra Hakimiyyəti tərəfindən məsul şəxs müəyyən edilərək, onun barəsində məlumat Azərbaycan Respublikası Prezidentinin Administirasiyasına təqdim olunmuşdur. Rayon İcra Hakimiyyəti yanında yaradılmış ictimai şuranın yeni tərkibdə formalaşdırılması və əhəmiyyətinin artırılması, şurada müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, ictimai şuranın fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi, bu məsələlərin rayon İcra Hakamiyyətinin rəsmi internet səhifəsində əks olunmasına xüsusi önəm verilmişdir. Açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətində qeyri hökumət təşkilatlarının, yerli bələdiyyələrin təşəbbüslərinə, eləcə də müxtəlif maarifləndirici tədbirlərə başlıca yer verilmiş, icma daxili sosial yönümlü layihələrə dəstək göstərilmişdir.
Tərtər Rayon İcra Hakimiyyəti Sizi əmin edir ki, rayonda açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətində bundan sonra da ardıcıl və məqsədyönlü işlər görüləcək, vətəndaşların “Elektron hökumət” portalından istifadəsinə və elektron xidmətin tətbiqinin həyata keçirilməsinə hərtərəfli şərait yaradılmaqla hesabatlılıq təmin ediləcəkdir.