Şriftin ölçüsü :

Saytın rəngi :

Baharın gəlişi Tərtərdə sevinc hissi ilə qeyd olunur

19 mart 2018 | 16:00

Baharın gəlişi cəbhə bölgəsi olan Tərtərdə böyük sevinc hissi ilə qeyd olunur.

Martın 19-da şəhərin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib. Bayramsayağı bəzədilmiş meydanda xonçalar və səmənilər düzülüb, məktəblilərin əl işləri, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilib.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər. N saylı hərbi hissənin əsgərlərinin də iştirak etdiyi tədbirdə tonqal qalanıb, gənc idmançıların, kəndirbazların, nağara ifaçılarının çıxışları, müxtəlif oyunlar - dirədöymə, kəndirdartma, zorxana, xoruz döyüşdürmə maraqla qarşılanıb.

Dədə Qorqud və Bahar qızı tərtərlilərə Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar. Kosa və Keçəlin zarafatları iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.

Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb. Bildirilib ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT-nin Baş Məclisi tərəfindən martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 

M.Məmmədov rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, aparılan geniş tikinti-quruculuq işlərindən də bəhs edib. Qeyd edib ki, dövlətimizin qayğısı və tərtərlilərin fədakarlığı sayəsində Tərtər günü-gündən gözəlləşir, müasirləşir.

Tədbirdə rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıq göstərən şəxslərə, xidmətdə fərqlənən hərbiçilərə hədiyyələr, fəxri fərmanlar və bayram sovqatı təqdim olunub. Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib.

 

Keçidlər