Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi

21 fevral 2018 | 16:00

Tərtər rayon Mədəniyyət Mərkəzində yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə  Tərtər Rayon İcra Hakimiyyəti rayon polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirdi.

Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, müəllimlər iştirak etdilər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Rayon rəhbəri bildirdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir.

Rayon polisi şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov, Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov, rayon polis şöbəsinin rəis müavini, polis polkovnik leytenantı Əfqan Qurbanov, Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloq həkimi Rima Axundova, Tərtər şəhər 2 saylı məktəb-liseyin şagirdi Etiram Rəhimli, Tərtər şəhər 5 saylı tam orta məktəbin şagirdi Orxan Mustafazadə, Umudlu kənd tam orta məktəbin şagirdi Günay Qasımzadə çıxış edərək rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verdilər. Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Çıxışçılar bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyini artırmağın zəruriliyini vurğuladılar.

Keçidlər