Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərlilər böyük hüznlə Umummilli liderin xatirəsini yad etdilər

12 dekabr 2017 | 16:00

Tərtərlilər böyük hüzünlə Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin xatirəsini yad etdilər. Minlərlə rayon sakini Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq ona rəhmət dilədi.

Tədbirin davamı Heydər Əliyev Mərkəzində oldu. Əvvəlcə mərkəzdə dahi şəxsiyyətin büstü önünə gül dəstələri qoyuldu, sonra onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla, fotosentlərlə tanış olub, tədbir iştirakçıları “Dəyirmi masa” arxasına keçdilər. Ulu Öndərin anım gününə həsr olunmuş tədbirdə xatirəsi bir dəqiqəlik sukutla yad edildi.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Umummilli liderin həyat və fəaliyyəti ilə bağlı məruzə etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on dörd il keçir. Əbədiyaşar Prezidentimizin Fəxri xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib.

Rayon rəhbəri qeyd etdi ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlayaraq 34 illik bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlıdır. "Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi" kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaradıb, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olub.

Ulu öndərin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmiz dünyanın və regionun inkişaf etmiş dövlətinə çevrilib. Artıq Azərbaycan regionun iqtisadi və siyasi mərkəzlərindən biridir. Regionda ölkəmizin iştirakı olmadan heç bir qlobal layihə həyata keçirilmir. Bu gün Respublika prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır.

Sonra polis şöbəsinin rəisi Rauf Məcidov, rayon prokuroru Şıxəli Alməmmədov dahi şəxsiyyət haqqında öz ürək sözlərini bildirdilər.

Tədbirin sonunda Umummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.

 

Keçidlər