Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz gəlir, yaz gəlir

17 mart 2017 | 16:00

Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı cəbhə bölgəsi olan Tərtərdə sevinc hissi ilə qeyd olunur, müxtəlif el şənlikləri keçirilir.

Martın 17-də Tərtərlilər Novruzun gəlişini rayonun mərkəzi meydanında qeyd etmişlər. Bayramsayağı bəzədilmiş meydanda məktəblilərin əl işləri, müxtəlif oyunlar- kilimarası, dirədöymə, kəndirdartma, zorxana, maral oyunları, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilmişdir. Meydanda tonqal yandırılmış, gənc idmançıların və kəndirbazların, uşaq yaradıcılıq mərkəzinin rəqs dərinəyinin üzvlərinin çıxışları, məktəblilərin “yallı” rəqsi alqışlarla  qarşılanmışdır. Milli paltar geyinmiş qızlar Novruz adətlərini yada salmış, falabaxmalar, sınamalar nümayiş etdirilmişdir. Gül-çiçək, səməni və xonçalarla bəzədilmiş meydana Bahar qız faytonla daxil olmuş, onun gəlişi böyük coşğu ilə qarşılanmışdır. Dədə Qorqud və Bahar qızı tərtərliləri Novruz bayramı münasibətilə təbrik etmişdir. Kosa və Keçəlin zarafatları iştirakçılarda xoş əhval-ruhiyyə yaratmışdır.

Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri baharın gəlişi münasibətilə təbrik etmiş, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulamışdır. Rayon rəhbəri bildirmişdir ki, Bu gün Tərtər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə öz simasını tanınmaz dərəcədə dəyişmiş, gözəlləşmişdir.

Tərtərin magistral yolları, küçələri genişləndirilir, yeni yaşıllıq zolaqları salınır. Şəhərimiz böyüyür, genişlənir. Bu yeniləşmə kəndlərimizə də doğru gedir. Görülən işlərin hamısı insan fakrotu ilə bağlıdır, vətəndaşların rahat və firavan yaşaması üçündür.

Rayon ərazisində gedən döyüşlərə baxmayaraq, tərtərlilər ili yüksək əmək göstəriciləri ilə başa vurmuşlar.

Ötən ilin aprel ayında bir neçə gün davam edən döyüşlərdə ermənilərin atdığı mərmilər Tərtər şəhərində və kəndlərdə 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 körpələr evi-uşaq bağçasına, qaz, su və elektrik təsərrüfatına ciddi ziyan vurmuş, 3 nəfər mülki vətəndaşımız həlak olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyev o gərgin günlərdə birinci vitse prezident Mehriban xanım Əliyeva ilə birlikdə Tərtərə səfər etdi, rayon ərazisindəki “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşdü, Tərtər şəhərində, cəbhə xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndindəki dağıdılmış evlərə baxdı, ev sahiblərinə təsəlli verdi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Səfərdən dərhal sonra cənab İlham Əliyev aprel döyüşləri zamanı Tərtər rayonuna vurulan zərərin aradan qaldırılması üçün Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayırdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev birinci vitse prezident Mehriban xanım Əliyeva ilə rayonumuza ikinci dəfə dekabrın 3-də səfəri zamanı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, rayonun Sarıcalı və Zolgəran kəndləri arasında Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün, 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdırmış “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin başa çatması münasibəti ilə keçirilən tədbirdə, uşaq-gənclər şahmat məktəbinin, YAP Tərtər Rayon Təşkilatının inzibati binasının açılışlarında iştirak etdi, aprel döyüşlərində ermənilərin atəşləri nəticəsində ziyan dəymiş evlərdə aparılan təmir-bərpa işləri ilə tanış oldu,  Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş ümumi sahəsi 1200 kvadratmetr olan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında oldu. Rayonda gedən tikinti, quruculuq işləri ilə yaxından tanış olan cənab Prezident rayon ictimaiyyəti ilə görüşü zamanı dedi: “Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir... Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam, bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar”.

Rayon rəhbəri bildirmişdir ki, qarşıda Sizinlə birgə bizi daha uğurlu və firavan həyat gözləyir. Bu gün əldə etdiyimiz uğurlar üçün mən bütün tərtərlilər adından Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm, Cənab Prezidenti əmin edirəm ki, tərtərlilər bundan sonra da möhtərəm Prezidentimizi dəstəkləyəcək, Azərbaycanımızın müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsində əlimizdən gələni əsirgəməyəcəyik.

Tədbirdə rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən fəxri fərman, qiymətli hədiyyələr və ərzaq sovqatı verildi.
 

 

Keçidlər