Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun 65 illik yubileyi qeyd olundu

28 fevral 2017 | 16:00

Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun 65 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, qəhrəmanın büstü önünə tər gül dəstələri qoymuşlar. Sonra tədbir rayon Gənclər mərkəzində davam etdirilmişdir.

İştirakçılar öncə Milli Qəhrəmana həsr olunmuş videoçarxa baxmışlar. Sonra onun həyat və döyüş yolu haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1968-ci ildə Azadqaraqoyunlu kənd tam orta məktəbini bitirib, Azərbaycan Dövlət Politexnik İnstitutunun məzunudur.

1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1990-cı illərdə Tərtər rayonunda müxtəlif məsul vəzifələrdə çalışıb.

Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunub.

Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Şəxsi şücaəti və rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlərdə iki dəfə yaralanıb.

1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.

1995-ci il yanvarın 15-də ölkə prezidentinin 262 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Sonra Elman Hüseynovun tələbə yoldaşı Əli Əliyev, döyüş yoldaşları Suliddin Yusifov, Nİzami Heydərov onunla bağlı xatirələrini bölüşüblər.

Qəhrəmanın oğlu Emin Hüseynov atası ilə bağlı kövrək hisslərini danışıb, Respublika Prezidentinə şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Məktəblilərin ifasında Milli Qəhrəmana həsr edilmiş şeir parçaları dinlənilib.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov öz çıxışında bildirdi ki, biz fəxr edirik ki, Tərtərin Elman Hüseynov kimi qəhrəman oğulları var. Belə oğulların sayəsində Tərtər alınmaz qalaya çevrilmişdir.

Qeyd etdi ki, bu gün dövlətimiz tərəfindən, şəxsən respublika prezidenti İlham Əliyev tərəfindən Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə, əlillərə böyük diqqət və qayğı göstərilir. Onlar mənzillə təmin olunur, fərdi evlər tikilir, avtomobillər verilir. Biz bunu rayonumuzun timsalında da aydın görürük. İndiyədək rayonumuzda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16, bir 24, bir 54 mənzilli yaşayış binaları, həmçinin onlarla fərdi evlər tikilib istifadəyə verilib.

Vətən yolunda canından keçmiş şəhidlərimizin adı əbədiləşdirilir. Tərtərdə onlarla şəhid adları daşıyan bulaq, məktəb, bağça, xəstəxana və küçə var. Bu yaxınlarda isə ayrı-ayrı vaxtlarda  icra başçısı işləmiş şəxslərin öz atalarının adını verdikləri küçələrin adları dəyişdirilərək, Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, şəhid İlqar Həsənovun adları verilmişdir. Həmin küçələrdə abadlıq işləri aparılır, hər birinin girişində Vəzir Orucovun, Mehrac Mahmudovun adını daşıyan küçələrdə olduğu kimi baralyefləri qoyulacaq.

Rayonumuzun mərkəzi küçələrindən biri bu gün 65 illik yubileyinə yığışdığımız Elman Hüseynovun adını daşıyır. Həmin küçədə qəhrəmanın büstü qoyulmuşdur.

Rayon rəhbəri çıxışının sonunda bir daha qeyd etdi ki, Elman Hüseynovun xatirəsi hər birimizin qəlbində yaşayır. Qəhrəman Tərtər Elman Hüseynov kimi oğulların sayəsində düşmənə bir qarış da torpaq verməyib, əksinə Ağdərənin işğal altında olan kəndlərinin bir hissəsini işğaldan azad etmişdir. Bu günkü gənclərimiz də öz ata və qardaşlarının ənənəsinə sadiqdirlər. Tərtər döyüşən şəhər, alınmaz qaladır. İnanırıq ki, tezliklə torpaqlarımız işğaldan azad olacaq, İşğaldan təmizlənmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanacaq.

 

Keçidlər