Şriftin ölçüsü :

Saytın rəngi :

Azad Qaraqoyunlu kəndinə təbii qaz verildi

18 oktyabr 2016 | 16:00

Tərtər rayonunun təbii qazla təmin olunan kəndləri sırasına Azad Qaraqoyunlu kəndi də əlavə olunub. 317 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 503 metr polietilen və ümumi uzunluğu 34 min 054 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində 317 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Oktyabrın 18-də, günün birinci yarısında kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Sahib Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, rayonda gedən sosial-iqtisadi inkişafdan, həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, Tərtər rayonunun düşmənlə 48 km təmas xətti var. Bu günədək tərtərlilər düşmənə bir qarış da torpaq verməyiblər. 1-5 aprel tarixlərdə ən qızğın döyüşlər getdiyi vaxtda da tərtərlilərin əlləri işdən soyumadı, rayonda yol, su-kanalizasiya, qaz çəkilişi davam etdirildi, işıq dirəkləri dəyişdirildi, tikinti-abadlıq işləri aparmaqla düşmənə mənəvi zərbə vurduq. Bu gün açılışına toplaşdığımız qaz açılışı da o günlərki gərgin əməyimizin nəticəsidir.

Rayon rəhbəri qeyd edib ki, Tərtər rayonunun 51 yaşayış məntəqəsindən 42-si təbii qazla təmin olunub. Hazırda rayonun qaz olmayan digər yaşayış məntəqələrində  qaz çəkilişi işləri davam etdirilir.

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Sahib Alıyev, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev çıxış edərək kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik edib, dövlətimiz tərəfindən regionların inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.

Kənd sakinlərindən Qanboy Musayev, Arif Hüseynov, Firuzə Həsənova, Elmira Hüseynova regionların sosial-iqtisadi inkişafına,  əhalinin sosial problemlərinin həllinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, kəndlərinin təbii qazla təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda M.Məmmədov bir daha sakinləri kəndə qazın verilməsi münasibəti ilə təbrik edərək, kənd ağsaqqalları və qonaqların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırıb və  kənd sakini Natiq Umudovun fərdi yaşayış evində təbii qazın yandırılmasında iştirak edib.

Keçidlər