Şriftin ölçüsü :

Saytın rəngi :

“İlk komandir”in təqdimatı oldu

09 aprel 2016 | 16:00

Aprelin 8-də rayon mədəniyyət evində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Kinematoqrafiya şöbəsinin “Yaddaş” studiyası tərəfindən Azərbaycanın Milli Qəhrəmanı, Tərtər Özünümüdafiə Batalyonunun ilk komandiri Elman Hüseynova həsr olunmuş “İlk komandir” sənədli filminin təqdimatı olmuşdur.

Tədbirdə rayon icra hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, doğmaları, döyüş yoldaşları iştirak etmişlər. İlk sözü “Yaddaş” sənədli filmlər studiyasının direktoru Cavid İmamverdiyev demiş, sonra filmin rejissoru Nizami Abbas filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə, eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun döyüş yoldaşlarına minnətdarlığını bildirmişdir.

Tərtər Özünümüdafiə Batalyonunun o dövrdə qərargah rəisi olmuş Pənah Məmmədov çıxış edərək döyüş dostu qəhrəman haqqında öz ürək sözlərini bildirmişdir. Elman Hüseynovun oğlu Emin atası ilə bağlı xatirələrini dilə gətirmiş, filmin yaradıcı heyyətinə, tədbirin keçirilməsinə şərait yaradan rayon icra hakimiyyətinin başçısına, filmə baxmağa gələn hər bir tərtərliyə təşəkkür etmişdir.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirmişdir ki, Azərbaycan ordusunun təxribatçı erməni birləşmələrinə layiqli cavab verdiyi bir ərəfədə “İlk komandir” filminin nümayişi çox yerinə düşdü. Bu gün Tərtər Qarabağ müharibəsinin əvvəllərində  olduğu kimi yenə də öz qəhrəmanlıq tarixini yazır. Tərtər camaatı uşaqdan tutmuş böyüyədək hamısı qəhrəmandır, düşmənə bir qarış belə torpaq verməyib. Təxribatçılar rayonun yaşayış məntəqələrini atəşə tutsalar da heç kəs doğma ocağı tərk etməyib. Bax,  zala göz gəzdirən hər kəs bunun bir daha şahidi olur.

Aprelin 1-dən 2-nə keçən gecə düşmənin atəşkəsi pozması nəticəsində yaşayış məntəqələrimizdə mülki əhali arasında yaralananlar, şəhid olanlar da oldu. Ancaq heç kəs rayonu tərk etmədi. Bax, budur vətənə sevgi, bax, budur əsl vətənpərvərlik. Xalq orduya güvənir, onun arxasında dayanır və ondan qələbə xəbəri gözləyir.

Sonra rayon rəhbəri Qarabağ veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı, şəhidlərin adının əbədiləşdirilməsindən söhbət açdı. Qeyd etdi ki, hazırda milli qəhrəmanın adını daşıyan Elman Hüseynov küçəsində abadlıq işləri aparılır. Tərtərin ikinci milli qəhrəmanı Vəzir Orucovun adını daşıyan küçədə abadlıq işləri başa çatmış, küçənin girişində milli qəhrəman Vəzir Orucovun barelyefi qoyulmuşdur.

Tərtərin Çaylı kəndindən təmas xəttini keçərək böyük qəhrəmanlıq şücaəti göstərən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, şəhid İlqar Həsənovun adları verilmiş küçələrdə də abadlıq- yenidənqurma işləri aparılır.

Şəhidlər unudulmur. Bu gün Tərtərin döyüş tarixinə yeni qəhrəman oğulların adları yazlır.

Çıxışının sonunda icra başçısı Milli Qəhrəmanın ailəsinə başsağlığı verərək, ona rəhmət diləmiş, filmin yaradıcı heyyətinə öz minnətdarlığını bildirmişdir.

Sonra “İlk komandir” filminin nümayişi olmuşdur.

Təqdimatdan sonra filmin rejissoru Nizami Abbas rayon icra hakimiyyətinin başçısına, qəhrəmanın ailəsinə, döyüş dostlarına filmin video çarxlarını təqdim etmişdir. Təqdimatda iştirak edən tərtərlilər zalı böyük qürur və fərəh hissi ilə tərk etmişlər.

Keçidlər