Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan vətəndaşının sağlamlığı dövlətin diqqət mərkəzindədir

04 fevral 2021 | 16:00

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış olublar.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək. Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan mərkəzi xəstəxana, Abşeron rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin köçürülməsi nəzərdə tutulub. Yeni tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə zamanı bir çox nüanslara toxunan Prezident İlham Əliyev səhyyə sahəsinin diqqət mərkəzində olduğunu vurğulayıb və qeyd edib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətinin növbəti sübutudur. Yeni tikilmiş xəstəxana dövlətin səhiyyə sahəsindəki fəaliyyətini əks etdirir. Son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq baxımından, həm də avadanlıqlarla təchizat baxımından. Bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb. Xəstəxananın inşası onu göstərir ki, bu sahədəki fəaliyyət ardıcıl şəkildə davam etdirilir.

   Həqiqətən də ölkəmizdə səhiyyə infrastrukturunun inkişafı daim nəzarətdədir. Bütün bölgələrində müasir standartlara uyğun xətəxanalar fəaliyyət göstərir. Azərbaycan tədricən icbari tibbi sığorta sisteminə keçir. Pilot layihələrin ilkin icrası müsbət nəticələr göstərir. Pilot layihələrlə əhatə olunmuş üç şəhərdə həm tibbi xidmətin keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların məmnunluğu yüksək səviyyədədir. İnsanların sağlamlığını əsas tutaraq dövlət 5 milyon vətəndaşı tibbi müayinədən keçirtdi. Böyük təşkilatçılıq və maliyyə resursları tələb edən dövlətin bu addımı insana göstərilən qayğının təcəssümüdür.

   Səhiyyə sahəsinə göstərilən diqqət və qayğının nəticəsində son dövrlərdə bütün dünyanı böhrana sürükləyən Covid-19 pandemiyası ilə mübarizə ölkəmiz üçün uğurlu alındı. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər gördü və təbii ki, bu da çətin vəziyyətdən çıxmağa yardım etdi. Pandemiya ilə mübarizə sahəsində Beynəlxalq təşkilatlar Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər. İlk günlərdən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışıb. Pandemiyanın qarşısının alınması məqsədilə 2020-ci ilin dekabr ayından bir çox ölkələrdə vaksinasiyaya başlanıldı. Vaksinasiya Avropada, hətta müttəfiqlər arasında münasibətlərdə ziddiyyətlərə səbəb oldu. Bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu çox faciəvi fəsadlara gətirib çıxara bilər. Odur ki, bütün məsələlərdə olduğu kimi, vaksinasiyada da ədalət prinsipinə riayət olunmalıdır. Azərbaycan pandemiyanın ilk günlərindən işlərini düzgün qurmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Görülən bütün tədbirlərin nəticəsində artıq Azərbaycan vətəndaşları vaksinləri alırlar və sürətlə peyvənd olunurlar. Bu sahədə bütün səhiyyə müəssisələri səfərbər olub və ölkəmizdə vaksinasiya sürətlə gedir. 2020-ci ildə pandemiya ilə mübarizə aparılan çətin bir dövrdə Azərbaycan daha ağır bir yola qədəm qoydu. 30 ilə yaxın bir dövrdə işğal altında olan tarixi ərazilərimizi geri qaytarmaq üçün əks hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən Müharibəsi tarixi zəfərlə başa çatdı. Bu müharibə zamanı dünya ictimaiyyəti erməni vandalizminə şahidlik etdi. Çünki işğalda olan bütün rayon və şəhərlərimiz məhv edilmiş durumdadır. Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları tamamilə dağıdılıb, Laçın, Kəlbəcər rayonları, Şuşa şəhərində bütün tarixi abidələr, heykəllər məhv edilib, talan edilib. Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Ermənistan üzərindəki qələbə ilə biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır. Erməni rəhbərliyi elə düşünürdü ki, o torpaqlarda bütün yaşayış məskənlərini, evləri, tarixi abidələri məhv etsək azərbaycanlılar bir daha buralarda yaşamaq istəməyəcək. Lakin yanılırlar. İşğaldan azad olunmuş bütün şəhər və rayonlar bərpa olunacaq, orada bütün infrastruktur yenidən yaradılacaq, sosial obyektlər tikiləcək və əhali daha yaxşı yaşayacaq. Hər kəs inanır ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında biz buna nail olacağıq.

Keçidlər