Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə evlər verildi

16 yanvar 2021 | 16:00

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə  tariximizin şanlı qəhrəmanlıq səhifəsinə çevrilən 2020-ci il sosial sahədə mühüm sosial proqramların daha da genişləndiyi bir il kimi yadda qaldı.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Tərtər rayonunun Seydimli kəndində yeni tikilmiş fərdi yaşayış evlərinin 1-ci Qarabağ Müharibəsinin əliləri, vəfat etmiş İmanov Zahid Cavad oğlunun həyat yoldaşı Seydimli kənd sakini İmanova Zənifə Məyiş qızına, Tərtər şəhər sakinləri Axundov Xanlar Nazim oğluna, Quluyev Mətləb Valeh oğluna təqdim edildiyi tədbirdə səslənib.

Evin təqdim edilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi düşdü. 30 ilə yaxın erməni vandalları tərəfindən işğal olunmuş torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edildi. Təqvimə ölkə rəhbərinin Sərəncamı ilə daha bir bayram-Zəfər günü əlavə edildi.

Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşdü. Bu əməliyyat aparıcı hərbi mərkəzlər tərəfindən araşdırılıb, öyrənilir.

Dekabrın 10-da keçirilən Zəfər paradı bir daha Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin güc, qüvvəsini, döyüş ruhunu nümayiş etdirdi. Vətən müharibəsi dövründə bütün dünya azərbaycanlıları birlik, həmrəylik nümayiş etdirdi, Azərbaycana qarşı məkrli təxribatlara tutarlı cavablar verdilər. Azərbaycan həm döyüşlərdə, həm informasiya müharibəsində qalib oldu.

44 gün davam edən Vətən müharibəsində Tərtər həmişəki kimi düşmən üçün alınmaz qala oldu. Ermənilərin atdığı mərmilərdən, raketlərdən evlərimiz dağıldı, hərbi və mülki şəhidlərimiz oldu, ancaq hamı bir nəfər kimi Vətənin müsəlləh əsgərinə çevrildi. Dövlət rəsmilərinin dediyi kimi Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradı oldu. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəhid analarının hər birinin qarşısında baş əyirik. Rayon icra hakimiyyəti olaraq bu qəbildən olan insanların evlərində görüşlər keçirib, qayğıları ilə maraqlanıb, problemlərinin həllinə köməklik göstəririk. Bundan sonra da bütün şəhid ailələrinə, müharibə veteranlarına dövlət tərəfindən göstərilən qayğı mütamadi olaraq davam etdiriləcəkdir.

Rayon rəhbəri yeni mənzilə köçən Qarabağ müharibəsi əlillərinə ürək sözlərini bildirdi, onlara yeni mənzillərində xoş günlər keçirməyi arzuladı. Qeyd etdi ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş və sağlamlığını itirmiş insanlarımızın problemləri hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur. Ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın bu qəbildən olan insanlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq rayonumuzda da Qarabağ müharibəsi əlilərinin, şəhid ailələrinin maddi-məişət vəziyyətini yaxşılaşdırmaq məqsədilə 1-ədəd 6 mərtəbəli 54 mənzilli, 2 ədəd 2 mərtəbəli 16 mənzilli, 1 ədəd 2 mərtəbəli 24 mənzilli binalar və 47 fərdi yaşayış evi tikilib şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təhvil verilmişdir.

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini H.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2020-ci il üzrə rekord sayda - 1500 mənzil və fərdi evin verilməsi proqramı uğurla icra olunub. Həmçinin ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatına sosial tərəfdaşlar tərəfindən sosial məsuliyyət çərçivəsində mühüm dəstək göstərilib və onlar tərəfindən mənzillərin, fərdi evlərin verilməsi işləri davam edir.

Nazir müavini ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 9100-dən çox mənzil və fərdi ev verildiyini deyib. H.Abdullayev qeyd edib ki, keçmiş köçkünlər üçün azad edilmiş yurd yerlərində evlərin tikiləcəyi nəzərə alınmaqla, Prezident İlham Əliyev onlar üçün inşa olunmuş mənzillərin şəhid ailələrinə verilməsini tapşırıb. Dövlət başçısının göstərişi ilə həmin mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi işləri görülür. Bu da nəticədə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların evlə təminatında çox mühüm bir irəliləyişə imkan  yaradacaq.

O vurğulayıb ki, cənab Prezidentin 2020-ci il 30 dekabr tarixli Fərmanları şəhid ailələrinə və müharibə iştirakçılarına xüsusi qayğının növbəti təzahürü oldu. Fərmanlarla şəhid ailələri üçün Prezidentin təqaüdü 66,7% artırılaraq 300 manatdan 500 manata, Azərbaycanın Milli Qəhrəmanları üçün 20% artırılaraq 1500 manatdan 1800 manata çatdırıldı. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün də həmin təqaüd orta hesabla 50%-dən çox artırıldı. Vətən Müharibəsi Qəhrəmanları üçün də Prezidentin aylıq təqaüdü (2 000 manat) təsis edildi.

Yeni fərdi evlərlə təmin edilən ailələr onların sosial müdafiəsinin gücləndirilməsinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi xüsusi qayğıya, bu gün isə fərdi evlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər