Şriftin ölçüsü :

Saytın rəngi :

Kəngərli kəndində vətəndaşların müraciətləri dinlənildi

09 avqust 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Kəngərli kəndində oldu. Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Kəngərli kənd İƏD üzrə nümayəndə Xamis Əsgərov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirdi ki, Kəngərli kəndinin 324 təsərrufatı, 1631 nəfər əhalisi var. Kənddə 175 yerlik bir tam orta məktəb, 1 kitabxana, 1 korpələr evi – usaq bağçası, 1 poçt, 286 nömrəlik ATS, 4 məişət xidməti obyekti, 8 ticarət və ictimai iaşə köşkü fəaliyyət göstərir.

Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Onlar ötən il hər hektardan 38 s buğda, 41 s arpa, 40 s pambıq istehsal ediblər. 465 kq barama təhvil veriblər.

Bu il isə 98 hektar buğda, 26 hektar arpa, 20 hektar pambıq əkiblər. Kəngərlilər hər hektardan 41 s taxıl, 28 s arpa təhvil veriblər. 500 kq barama istehsal ediblər.

Sonra sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı Hətəm Əsgərov respublika Prezidenti tərəfindən əhaliyə göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin  abad bir kəndə çevrildiyindən danışdı. Bu il suvarmada olan çətinliyin aradan qaldırılması üçün respublika Prezidentinin sərəncamı ilə kəndlərində 2 subartezian quyusunun qazıldığını qeyd etdi: Göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə kənd sakinləri adından öz minnətdarlığını bildirdi. İnsanların xoşbəxt, firavan həyatından danışdı. Kənd sakinləri Həyat Salahova, Məcid Tagıyev, Çərkəz Nağıyev, Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov kəndin baş yolunun asfaltlanması, suvarma suyuna olan tələbatın ödənilməsi üçün daha 2 subartezian quyusuna ehtiyac olması, məktəbin qazanxanasına qaz çəkilişi və digər məsələlərlə bağlı müraciət etdilər.

Edilən müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev dövlət tərəfindən regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıdan danışdı, sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinlədi, onların həlli istiqamətində aidiyyəti qurumların qarşısında məsələ qaldıracağını və lazımı köməklik göstəriləcəyini bildirdi.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, sosial problemlərinin həllinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər