Şriftin ölçüsü :

Saytın rəngi :

Ön cəbhədə əsgərlərlə görüş

17 may 2019 | 16:00

Mayın 17-də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin idarə heyətinin üzvləri, təşkilatın Qaradağ rayon filialının, Holcim Azərbaycan ASC-nin və Qaradağ rayon İcra Hakimiyyətinin bir qrup nümayəndə  heyəti cəbhəyanı bölgədə yerləşən N saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşmək üçün Tərtər rayonuna səfər etmişlər.

Görüşdə həmçinin Azərbaycan QMƏVŞAİB-in Ağdam, Bərdə və Tərtər rayon filiallarının sədrləri də iştirak etmişdir.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlarla görüşmüş və cəbhəyanı bölgədə olan vəziyyətlə onları tanış etmişdir. Respublika prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə, əlillərə, veteranlara, ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan danışmış, Ali Baş Komandanın rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusunun dövlətin keşiyində ayıq-sayıq  dayanaraq öz müqəddəs missiyasını yerinə yetirdiyini bildirmişdir.  O, rayon ictimaiyyətinin hərbi hissələrin əsgərlərinə daima dayaq olduğunu vurğulamışdır.

Tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət etmiş, önünə gül dəstələri düzmüş, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anmışlar.

Sonra qonaqlar əsgərlərlə görüşmək üçün rayon ictimaiyyətinin müşayiəti ilə birlikdə N saylı hərbi hissəyə yollanmışlar.

Azərbaycan QMƏVŞAİB-in sədri e.o.polkovnik Mehdi Mehdiyev əsgərlər qarşısında çıxış edərək ictimai birliyin həmişə onlara dayaq olduğunu bildirmişdir. Natiq vaxtilə özünün də həmin hissədə xidmət etdiyini bildirmiş, sərhədlərimizin möhkəmliyinin, torpağın hər bir qarışı uğrunda vuruşmağın nə qədər vacib olduğunu  qeyd etmişdir. Ordumuzun şücaəti və əsgərlərimizin səyi sayəsində həmin bölgədə işğal olunmuş bəzi ərazilərin düşməndən təmizləndiyini və Tərtər rayonuna birləşdirildiyini xatırlatmışdır. Təməilinin ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulduğu və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasətinin bir hissəsi kimi, dövlətimizin hərbçilərə, müharibə veteranları və əlillərinə göstərdiyi qayğıdan danışmışdır.

Tədbirdə digər çıxış edənlər əsgərlərin sərhədlərimizi qəhrəmancasına qorumasından, dövlətimizin onlara  qayğısından danışmış, ordu və xalq birliyinin möhkəm olduğunu bildirmişlər.

Çıxışlardan sonra döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənən hərbi qulluqçular Azərbaycan QMƏVŞAİB-in təsis etdiyi «Vətən Naminə» medalı ilə təltif edilmişlər.

Hərbi hissənin ehtiyaclarını ödəyə biləcək avadanlıqlar, hədiyyələr və məktəblilərinin «Salam, əsgər!» məktubları əsgərlərə paylanmışdır.

Daha sonra konsert proqramı olmuş, ziyarət iştirakçıları əsgərlərlə birlikdə rəqs etmişlər.

Tədbirin sonunda nümayəndə heyəti cəbhə bolgəsinin ön xəttində əsgərlərin müdafiə mövqeləri ilə tanış olmuş, onlara şərəfli xidmətlərində uğurlar arzulamışlar.

Keçidlər