Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz gəlir, yaz gəlir: Şəhər 5 saylı körpələr evi-uşaq bağçasının uşaqları bayram tonqalı ətrafında

15 mart 2019 | 16:00

Şıxarxda məcburi köçkünlər üçün yeni inşa edilmiş qəsəbədə yerləşən 280 yerlik şəhər 5 saylı körpələr evi-uşaq bağçasının kollektivi Novruz şənliyinə xüsusi hazırlaşmışdılar. Bağçanın girişində tonqal çatılmış, ocaqda uşaqlar üçün nənələri buğda qovurur, kətə bişirir, əsil bayram əhval-ruhiyyəsi duyulurdu. Zal başdan-başa Novruz simvolları ilə bəzədilmiş, gül-çiçək, Novruz şirniyyatları süfrəyə düzülmüşdür. Uşaqlarla bərabər milli paltar geyinmiş bağçanın kollektivi də qonaqlarda xoş Novruz ovqatı yaratdılar.

İlk sözü bağçanın müdiri Nigar Məmmədova dedi. O, tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edərək, balacalara xoş arzularını bildirdi. Onlara sülh, əmin-amanlıq dilədi. Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da körpələr evi-uşaq bağçalarının əsaslı təmir olunmasını, hər cür avadanlıqlarla təmin olunan yeni müasir tipli bağçaların tikilib istifadəyə verilməsini dövlətimiz tərəfindən gələcəyimizə olan diqqət və qayğının təzahürü olduğunu vurğuladı. Gələcəyimiz olan uşaqlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Sonra söz balaca fidanlara verildi. Balacalar oxudular, oynadılar, səhnəcik göstərdilər. Məclisə kosa və keçəlin, şən klounların gəlişi, sehirbaz əminin sehirli nömrələri uşaqlarla bərabər böyükləri də əyləndirdi, balacalar keçəllə yumurta döyüşdürüb, kosaya pay tutdular.

Uşaqları təbrik edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı qəsəbədə yaşayan məcburi köçkün soydaşlarımızı, bağçada tərbiyə alan uşaqları bayram münasibəti ilə təbrik etdi. Onlara tezliklə bayram tonqallarını işğaldan azad olunan torpaqlarımızda çatmalarını arzu etdi.

Rayon rəhbəri uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə tərtərlilər adından Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına öz minnətdarlığını bildirdi.

Şənlik bayram tonqalının ətrafında davam etdirildi.

Sazla çalınan musiqinin sədaları altında balacalar yallı getdilər.

Rayon rəhbəri balacalara hədiyyələr payladı. Novruz şənliyi xoş əhval-ruhiyyə ilə başa çatdı.
 

 

Keçidlər