Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfərə aparan yol: milli və dini həmrəylik”

07 noyabr 2023 | 17:15

Tərtər rayonunda 8 noyabr–Zəfər günü münasibəti ilə rayon icra hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Zəfərə aparan yol: Milli və dini həmrəyliyimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdən öncə Ümummilli Lider Heydər  Əliyevin  Mərkəzi Meydanda ucalan abidəsi və Şəhidlər Abidə Kompleksi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb. Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev tədbir iştirakçılarını 8 Noyabr -Zəfər Günü münasibətilə təbrik edib, 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan Böyük Qələbədən danışıb, müharibə zamanı və sonra nümayiş etdirilən milli birliyin və dini həmrəyliyin qələbədə əsas amillərdən biri olduğunu vurğulayıb.

Sonra  söz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Pərviz Eyvazova verilib. O, bildirib ki, 44 gün davam edən Vətən müharibəsinin hər dəqiqəsi xalqımız üçün taleyüklü əhəmiyyət daşıyırdı. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Xalqımız bu şanlı Qələbəni böyük ruh yüksəkliyi və sevinclə qeyd etməkdədir. Şübhə yoxdur ki, bu Zəfərin qazanılmasında üç əsas amil başlıca rol oynadı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişləri, yüksək peşəkarlığa malik şücaətli Azərbaycan Ordusu, ən nəhayət, xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəylik müharibənin taleyini həll etdi.

Bu prosesdə xüsusilə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların fəaliyyətinə diqqət çəkən Pərviz Eyvazov Azərbaycanın bu sınaqdan da üzüağ və alnıaçıq çıxdığını vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsində müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlılar çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək qanları, canları bahasına işğala son qoydular. İstər döyüş meydanında, istər ideoloji mübarizədə, istərsə də haqq səsimizin beynəlxalq səviyyədə eşidilməsində dini konfessiyalar müstəsna xidmətlər göstərdilər. Onlar tərəfindən cəbhədə Vətən torpaqlarını işğaldan azad edən qəhrəman əsgərlərə humanitar yardımlar göndərildi. İşğal faktına etiraz məqsədilə qeyri-islam dini icmaları tərəfindən müxtəlif səpkili, xarici dillərdə sənədli filmlər, videoçarxlar, məlumat xarakterli materiallar hazırlanaraq yerli ictimaiyyətə və dünya ictimaiyyətinə, o cümlədən beynəlxalq siyasi dairələrə, təşkilatlara, dini mərkəzlərə təqdim edildi.

Sonra Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi—Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, imamın müavini Saleh Ədilov, Dini ayinlərin icraçısı Naməddin Kərimov və başqaları çıxış ediblər. Çıxışçılar Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan möhtəşəm qələbədən söz açmış, qələbədə Qalib Azərbaycan xalqının milli birlik nümunəsi göstərdiklərini ifadə etmiş, Azərbaycanın multikultural ölkə olduğunu və ölkəmizdə dini tolerantlığın yüksək səviyyəsini qeyd ediblər

Keçidlər