Yuxarı Sarıcalı kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Düyərli kənd İƏD üzrə nümayəndəliyinin Yuxarı Sarıcalı kəndində keçirilib.
Qəbulda YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında keçirilən səyyar qəbul-görüşlərin məqsədinin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirib, möhtərəm Prezidentin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib.O, dövlət başçısı cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 53-cü iclasında uğurla iştirak etdiyini, Forum çərçivəsində bir sıra səmərəli görüşlər keçirdiyini, Azərbaycanın malik olduğu iqtisadi və siyasi potensial barədə ətraflı məlumat verdiyini qeyd edib.Vurğulayıb ki,iİndi dünyanın aparıcı şirkətləri Azərbaycanın iqtisadi gücünü real dəyərləndirir və ölkəmizlə əməkdaşlığa üstünlük verirlər. Bütün bu nailiyyətlər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uzun illərdir ölkəmizdə bərqərar olan siyasi və iqtisadi sabitlik, aparılan ardıcıl mütərəqqi islahatlarla birbaşa bağlıdır.
İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyev Davos Forumunda həmçinin regiondakı vəziyyət, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycanın səyləri, Laçın-Xankəndi yolunda baş verən hadisələrin mahiyyəti barədə ətraflı danışmış, ölkəmizə qarşı Ermənistan və bəzi ermənipərəst qüvvələr tərəfindən aparılan yalançı təbliğatları iflasa uğratmış, əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır.
İsveçrənin Davos şəhərində dünyanın 130 ölkəsindən 52 dövlət və hökumət başçısının iştirakı ilə keçirilən Forumda Azərbaycan yenə də diqqət mərkəzində oldu. Çünki Ukrayna-Rusiya müharibəsi fonunda Şərqlə Qərb arasında ən optimal marşrut hesab olunan Orta Dəhliz ölkəmizin ərazisindən keçir və bu, logistik baxımdan ölkəmizin cəlbediciliyini artırıb. Əsas məsələ ondan ibarətdir ki, həm enerji daşıyıcılarının, həm də quru yüklərin dünya bazarına çıxışının təmin olunması üçün Azərbaycanda lazımi infrastruktur yaradılıb. Xüsusilə son illərdə Prezident İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi regional və beynəlxalq enerji və nəqliyyat layihələrini qeyd edə bilərik. Əgər milyardlarla vəsait tələb edən qlobal miqyaslı layihələr zamanında icra olunmasaydı, bu gün Davos İqtisadi Forumunda bütün diqqətlər Azərbaycan üzərinə yönəlməzdi.
Beynəlxalq siyasi elita, eyni zamanda, iri şirkətlərin nümayəndələri bilirlər ki, Azərbaycan Prezidentinin sözü ilə əməli üst-üstə düşür və o, heç bir halda sözündən dönmür. Həmçinin nəyin bahasına olursa-olsun, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Təbii ki, bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirir.
Rayon rəhbəri bildirib ki, artıq iki aydır Xankəndi-Laçın yolunda davam edən ekoaksiyanın dayandırılması ilə bağlı erməni lobbisi də adəti üzrə bütün dünyada ölkəmiz əleyhinə çirkin təbliğat aparır. Ona görə də doğru informasiyanın çatdırılması baxımından Davos Forumu ən mötəbər platformalardan biridir.
Bu gün biz fəxrlə ölkəmizin beynəlxalq aləmin diqqət mərkəzində yer almasını, Ermənistanın isə növbəti dəfə qlobal iqtisadi proseslərdən təcrid olunmasını izləyirik.
Dünyanın əksər ölkələrinin və qlobal iqtisadiyyatın təmsil olunduğu transmilli şirkətlərin iştirak etdiyi Davos İqtisadi Forumu Azərbaycan üçün yeni perspektivlər vəd edir. Həmçinin bu Forum dövlətlərarası iqtisadi münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətli platformadır, onun siyasi əhəmiyyəti isə danılmazdır.
İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
Bildirilib ki, Yuxarı Sarıcalı kəndinin 305 hektar ərazisi, 304 təsərrüfatı, 1230 nəfər əhalisi var. Ərazidə 1 körpələr evi-uşaq bağçası, 1 klub, 1 kitabxana, 3 ticarət, 1 iaşə, 1 məişət obyektii fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub.
Sakinlər 477 baş iribuynuzlu, 900 baş xırdabuynuzlu heyvan, 3228 baş quş, 21 yeşik arı ailəsi saxlayırlar.
Yuxarı Sarıcalı kəndində son üç ildə əkin sahələrinə gedən su arxları 3,8 km məsafədə lildən təmizlənib, kənd ərazisində 1000 ədəd tut tingi, 90 müxtəlif ağaclar əkilib, 2 ədəd subartezian quyularının nasosları təmir edilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Zərnişan İbişova və Taleh Quliyev Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, Faiq Süleymanov işlə təmin olunması və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.