Şriftin ölçüsü :

Saytın rəngi :

Yuxarı Qapanlı kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib

03 noyabr 2022 | 12:47

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Yuxarı Qapanlı kəndində keçirilib.

Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.

İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.

Bildirilib ki, Yuxarı Qapanlı  kəndinin 605 hektar ərazisi, 283 təsərrüfatı, 1180 nəfər əhalisi, 328 hektar pay torpağı var. Ərazidə 1 tam orta məktəb, 1 kitabxana, 3 ticarət obyekti, 2 iaşə obyekti, 2 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və içməli su  ilə təmin olunublar.

Sakinlər 838 baş iribuynuzlu, 982 baş xırdabuynuzlu heyvan, 4345 baş quş saxlayırlar.

Yuxarı Qapanlı kəndində son üç ildə Tərtər-Qazyan-Hüsənli yoluna 10 km-lik məsafədə yeni asfalt örtüyü çəkilib, kəndarası yollar təmir olunaraq kənarları təmizlənib, kənd mədəniyyət evi cari təmir olunub, pay torpaqlarına gedən suvarma arxları 500 metr məsafədə lildən təmizlənib, kənd ərazsində 4 hektar ərazidə meyvə ağacları əkilib, hazırda 50 yerlik yeni körpələr evi-uşaq bağçası tikilir.

Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Rayon rəhbəri sonra sözü sakinlərə verib.

Kənd sakinlərindən şəhid anası Səadət Əliyeva elektrik xətlərinin sip kabellə əvəzlənməsi, Nazim Həsənov və Sevinc Əliyeva pay torpaq sahələrində olan mübahisə, Rübabə Şükürova evinə Vətən müharibəsi zamanı ziyan dəyməsi, Ayaz Hüseynov subartezian quyusunun təmir olunması, Əbdüləli Nəcəfov kənddə yeni subartezian quyusunun qazılması və digər məsələlər  ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər