Vətən Müharibəsi şəhidi Ruslan Şahbazovun şəhadətə qovuşmasının 6-cı ildönümü münasibətilə məzarı ziyarət olunub
Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ələsgərli kəndində Vətən Müharibəsi şəhidi Şahbazov Ruslan Mahir oğlunun şəhadətə qovuşmasının 6-cı ildönümü münasibətilə məzarı ziyarət olunub.
Ziyarətdə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon Polis Şöbəsinin, İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin əməkdaşları, şəhidin yaxınları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı önünə tər gül dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dualar oxuyublar.
Mərasimdə şəhid Ruslan Şahbazovun keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb, Vətən Müharibəsində göstərdiyi şücaətdən bəhs edilib və unudulmaz qəhrəmanlarımızın xatirəsinin hər zaman uca tutulacağı vurğulanıb.






