Vətən Müharibəsi şəhidi Cəfərov Təbriz İlqar oğlunun adına sinif otağının açılış mərasimi olub
Torpaqlarımızın azadlığı uğurunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu istiqamətdə aparılan işlərin davamı olaraq Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində yerləşən Kəlbəcər rayon 94 saylı tam orta məktəbdə sinif otaqlarından birinə əslən Tərtər rayonundan olan, Bərdə rayonunda dünyaya göz açan şəhid Cəfərov Təbriz İlqar oğlunun adı verilib.
Artıq bu gündən Kəlbəcər rayon 94 saylı tam orta məktəbdə sinif otaqlarından biri şəhid Təbriz Cəfərovun adını daşıyacaqdır. Şəhidin adını daşıyan sinif otağının qapısı üzərində onun adı yazılmış lövhə yerləşdirilib, həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.
Bununla əlaqədar məktəbdə şəhidin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin regional filialının rəhbəri Vidadi Məmmədzadə, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidin həyat və döyüş yollarına nəzər salınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsləndirilib.
Tədbirdə şəhid ailələri, qazilər, veteranlar şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.