Ümumtəhsil məktəblərində “son zəng” çalındı :Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məzunları təbrik etdi
Tərtər rayonunun 34 tam, 10 ümumtəhsil məktəbində "Son zəng" tədbirləri təşkil olunub.
“Son zəng” tədbirlərində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon polis şöbəsinin rəisi Elçin Qasımov, rayon Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, məktəb kollektivləri, valdeyinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlər Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bu il rayonun ümumtəhsil məktəblərində 668 nəfər şagird 1 sinfi, 998 nəfər şagird IV sinfi, 919 nəfər şagird IX sinfi, 666 nəfər şagird isə XI sinfi bitirir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhər 1 nömrəli, 5 nömrəli, 6 nömrəli, Şıxarx qəsəbə 2 nömrəli, Xoruzlu kənd tam orta məktəblərdə, 2 saylı məktəb-liseydə və rayon ərazisində yerləşən Laçın rayon Nərimaniya kənd tam orta məktəbində təşkil olunan “son zəng” tədbirlərində iştirak edib, tədbir iştirakçılarını salamlayıb. 2023-cü ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev ili” elan olunduğunu, belə bir tarixi ildə məzunların müstəqil həyata qədəm qoyduqlarını vurğulayıb. Rayon rəhbəri Ulu Öndərin təhsilin inkişafına, müəllimlərə göstərdiyi diqqət və qayğını dilə gətirib, ”Təhsil millətin gələçəyidir”,-kəlamını yada salıb, Ümummilli Liderin Azərbaycan müəllimləri haqqında dediyi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır”, sözlərini xatırladıb. Bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb. Bütün bunlar Ulu Öndərin müəllim əməyinə verdiyi qiymətin əyani təzahürüdür.
İcra başçısı Ulu Öndərin təhsilə göstərdiyi diqqət və qayğının bu gün respublika prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, onların ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatına və təhsil işçilərinə həmişə diqqət və qayğı göstərdiklərini bildirib. Rayonumuzda təhsil sahəsində əldə edilən uğurlardan və görülən işlərdən ətraflı danışıb. Qeyd edib ki, biz bunu öz rayonumuzun timsalında da görürük. Ötən il 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbi istifadəyə verilib. Hazırda Azad Qaraqoyunlu kəndində 320 şagird yerlik və Tərtər şəhər 5 saylı tam orta məktəb üçün 360 şagird yerlik yeni məktəb binası, Bəyimsarov və Qazyan kəndlərində isə yeni körpələr evi uşaq bağçaları tikilir.
Rayon rəhbəri çıxışının sonunda məzunlara uğurlar, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulayıb.
Tədbirdə çıxış edən müəllimlər və məzunlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə şəkilləri çəkilib.