Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumtəhsil məktəblərində “son zəng” çalındı: rayon rəhbəri məzunları təbrik etdi

14 iyun 2025 | 13:15

İyunun 14-də Tərtər rayonunun 34 tam, 10 ümumtəhsil məktəbində "Son zəng" tədbirləri təşkil olunub.

Keçirilən “son zəng” tədbirlərində məktəblərin pedaqoji kollektivləri və məzunlarla birlikdə  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, valdeynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlər Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bu il  rayonun ümumtəhsil məktəblərində 838 nəfər şagird 1-ci sinfi, 1026 nəfər şagird 9-cu sinfi, 693 nəfər şagird isə 11-ci sinfi bitirir. 11-ci sinifi bitirən şagirdlərdən 1 nəfər xüsusi nümunəli, 15 nəfər isə fərqlənmə attestatına layiq görülüb.

Tərtər şəhər 1, 5, 6 saylı və Sarov kənd tam orta məktəblərində, 2 saylı məktəb-liseydə keçirilən son zəng tədbirlərində iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov onbirinciləri məzun adı almaqları münasibəti ilə təbrik edərək, onlara qədəm qoyduqları müstəqil həyatda uğurlar diləyib,  təhsilə olan dövlət qayğısından danışıb, Ulu Öndərin təhsilin inkişafına, müəllimlərə göstərdiyi diqqət və qayğını dilə gətirib, ”Təhsil millətin gələcəyidir”,-kəlamını yada salıb.

Rayon rəhbəri Ulu Öndərin təhsilə göstərdiyi diqqət və qayğının bu gün respublika prezidenti cənab İlham  Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, onların ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatına və təhsil işçilərinə həmişə diqqət və qayğı göstərdiklərini bildirib. Rayonumuzda təhsil sahəsində əldə edilən uğurlardan və görülən işlərdən ətraflı danışıb. Qeyd edib ki, biz bunu öz rayonumuzun timsalında da görürük. Son illər ərzində rayonumuzda 432 şagird yerlik Xoruzlu, 320 şagird yerlik Azad Qaraqoyunlu kənd, 360 şagird yerlik  şəhər 5 saylı tam orta məktəbləri istifadəyə verilib. Bəyimsarov kənd tam orta məktəbində əsaslı təmir işləri aparılıb.

İcra başçısı qeyd edib ki, bu ilki məzunlar arasında 44 günlük Vətən müharibəsinin mülki şəhidi Anar Quluyevin oğlu-şəhər 6 saylı tam orta məktəbin məzunu Elnar da var. Rayon rəhbəri Elnarın şəxsində məzun adı qazanan bütün şəhid və qazi övladlarını da təbrik edərək, onlara ataları kimi mərd, qorxmaz, Vətənə layiqli övlad olmağı arzulayıb.

Tədbirdə çıxış edən müəllimlər və məzunlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəkilləri çəkilib.

Keçidlər