Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ulu Öndərin anım günü münasibəti ilə “dəyirmi masa “ keçirilib.
“Dəyirmi masa”da rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri, təhsil, səhiyyə işçiləri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyətindən danışıb. Qeyd olunub ki, Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə Azərbaycanın tarixində dövlət müstəqilliyinə doğru böyük dönüş və milli oyanış dövrü başlayıb. O, Azərbaycan dövlətçiliyinin əsasını qoyub. Ulu Öndərin 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxış Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərini müəyyənləşdirib.
Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan mərhələ bugünkü Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü kimi xarakterizə edilir.
Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Qarabağın dilbər guşələrindən biri olan Tərtər rayonuna da böyük diqqət və qayğı göstərib. Ümummilli Lider deyirdi: “Tərtər Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər insanların yaşadığı bir diyardır”.
Ulu Öndərin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən sonra rayonumuzun ictimai-siyasi və iqtisadi həyatında böyük dəyişikliklər olub. Həmin illərdə Tərtər 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan, sənayesini dirçəldən bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət bir qəsəbə salınıb, 30-40 mənzilli evlərdən ibarət 8 beşmərtəbəli yaşayış binası tikilib, əhalinin mənzilə olan tələbatını ödəmək üçün 2300 nəfərə həyətyanı torpaq sahəsi verilib. Bundan başqa, rayonda 2000-ə yaxın işçi qüvvəsi olan Elektromexanika zavodu, 500-ə yaxın işçi qüvvəsi olan Pambıqtəmizləmə zavodu, 300 nəfər işçi qüvvəsi olan Şirə zavodu, Süd emalı zavodu, Yol tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib. Ümummilli Lider dəfələrlə Tərtərdə olub, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak edib, kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib. Sərsəng su anbarının tikintisi ilə maraqlanıb və onun səyi nəticəsində inşası 5 ilə nəzərdə tutulmuş layihə cəmi bir il ərzində icra olunub. Ulu Öndərin diqqət və qayğısı ilə Tərtər rayonu inkişaf edib, gözəlləşib.
YAP rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək , bildirib ki, Heydər Əliyev 1982-ci ilin noyabrında dünyanın iki supergücündən birinin – SRRİ-nin rəhbərliyinə yüksəlib, həm SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilib, həm də Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib.
1987-ci ilin oktyabrında Mixail Qorbaçovun yeritdiyi siyasətə etiraz əlaməti olaraq, Siyasi Büro üzvlüyündən və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verib. Bundan sonra Qorbaçov və onun ərtafında yer alan erməni mafiyası tərəfindən təqib və təzyiqlərlə üzləşən Heydər Əliyev ona yönələn bütün hücumları dəf edib, mətanətlə sinə gərib.
1990-cu ildə yenidən Azərbaycana, doğma Naxçıvanına qayıdan Heydər Əliyev elə həmin ilin payızında Azərbaycan SSRİ Ali Sovetinin sonuncu çağırış seçkilərində deputat seçilib, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə fəal iştirak edib, SSRİ-nin qorunub-saxlanılması ilə bağlı 17 mart referendumunun əleyhinə səs verən cəmi 43 millət vəkilindən biri olub.
1993 və 1998-ci ilin payızında Azərbaycan xalqının mütləq əksəriyyətinin dəstəyi ilə ölkə prezidenti seçilib.
İşlədiyi dövr ərzində Azərbaycanı bölünmə, parçalanma, müstəqilliyini itirməsi təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib, Azərbaycanı uğurlu neft strategiyası, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə qısa bir zamanda böyük inkişaf yoluna çıxarıb, ölkəsinin imzasını imzalar içində tanıdıb.
Sonra Həsənqaya kənd İƏD-si üzrə nümayəndə İlqar Həsənov, şəhər 6 nömrəli tam orta məktəbin psixoloqu Dürdanə Quliyeva, 2 nömrəli məktəb-liseyin müəllimi Tamella Tağıyeva çıxış ediblər. Çıxışçılar Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu, onun xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib, Ulu Öndərə allahdan rəhmət diləyiblər.