Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin Bursa şəhərindən olan bir qrup şəhid ailəsi Tərtər rayonuna səfər edib

13 yanvar 2024 | 15:21

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyənin Bursa şəhərindən olan bir qrup şəhid ailəsi Tərtər rayonuna səfər edib.

Qonaqları Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb. Qədim tarixə malik Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrindən danışıb. Əsrlər boyu Azərbaycan və türk xalqlarının həmişə bir-birinə dəstək olduğunu, sıx əməkdaşlıq etdiyini bildirib. Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını dilə gətirib. Sonra rayon rəhbəri qonaqlara rayon haqqında ətraflı məlumat verib, 44 günlük Vətən müharibəsində rayona dəymiş ziyandan danışıb. Qeyd edib ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəyib, dağıntılar olub.

Dinc əhali 16 mülki şəhid verib, 63 nəfər isə yaralanıb. Erməni vandalları tərəfindən şəhər qəbirstanlığının atəşə tutulması nəticəsində  dəfndə iştirak edən 4 nəfər mülki şəxs həlak olub. Dövlət rəsmilərinin dediyi kimi “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olub.

Korpus komandiri general-mayor Bilal Çompuzov qonaqlara təşəkkürünü bildirib. Qeyd edib ki, keçirilən tədbirin əsas məqsədi hər iki dövlətin şəhid ailələri arasında münasibətlərin qurulmasını təmin etmək və mövcud əlaqələri daha da möhkəmləndirməkdir.

Qonaqlar səfər çərçivəsində Dövlət Rəmizləri Muzeyində, 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dagıdılmış açıq havada fəaliyyət göstərən ev muzeyində olub, Vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Tərtərə atılmış qadağan olunmuş raketlərin qalıqlarına baxıb, rayonun infrastrukturuna dəymiş ziyanı əks etdirən fotostendlərlə tanış olublar.  Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə salınmış “Vətən bağında”  ağac əkiblər.

Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Keçidlər