Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərlilər Novruz bayramını sevinclə qeyd ediblər

19 mart 2024 | 14:30

Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz Tərtər rayonunda böyük sevinc və coşqu ilə qeyd olunur.

Mərkəzi Meydan bəzədilib, meydanda Novruzun simvolu olan səməni qurulub.

Təşkil olunan bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Sonra rayon rəhbəri Dədə Qorqudla bayram tonqalını alovlandırıb.          

Tədbir iştirakçıları bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olublar. Bayram şənliyində milli adət və ənənələrimiz nümayiş etdirilib.

Novruzun personajları olan Kosanın və Keçəlin məzhəkəli oyunları, gənc idmançıların çıxışları maraqla qarşılanıb. Dədə Qorqudla Bahar qız şənlik iştirakçılarına xoş arzularını çatdırıb, elimizə, obamıza sülh, əmin-amanlıq diləyiblər.  Sonra rayon Mədəniyyət Mərkəzinin foyesində Qadın İcma Resur Mərkəzinin üzvlərinin hazırladığı əl işlərindən ibarət satış-sərgi nümayiş olunub.      

Bayram şənliyi rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri bayram münasibətilə təbrik edərək, onlara cansağlığı, ruzi-bərəkət və firavanlıq arzulayıb. Bildirib ki, Novruz bayramı əsrlərin sınağından çıxmış, ta bu günədək gəlib çatmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Milli Bayramımızdır. Xalqımız min illərdir ki, Novruzun gəlişini bayram edir.

Artıq 4 ildir ki, 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan möhtəşəm Qələbə-Zəfər günü Odlar yurdu Azərbaycanımıza əbədi bir bahar gətirib. Bu baharı bizə gətirən şəhidlərimizə-işğaldan azad edilmiş torpaqlarımızda aparılan lokal xarakterli antiterror əməliyyatlarında canlarını qurban vermiş oğullarımıza Ulu Tanrıdan rəhmət diləyir, şəhid analarının qarşısında baş əyir, qazilərimizə can sağlığı arzulayırıq. 

Şəhidlərin, qazilərin, müharibə veteranlarının-Azərbaycanımızın döyüşən igid oğul və qızlarının sayəsində uzun illərdən sonra soydaşlarımız doğulub-böyüdükləri torpaqları ziyarət edə bildilər. Doğma Qarabağımıza-Şuşaya, Xankəndinə, Xocalıya, Ağdama, Cəbrayıla, Qubadlıya, Ağdərəyə və digər işğaldan azad olunmuş torpaqlara gedə bildilər. İşğaldan azad edilmiş torpaqlarımızda qalanan bayram tonqalları neçə illik yurd həsrətimizə, nisgilimizə son qoydu, qəlblərdəki doğma yurd həsrətinin buzlarını əritdi, bir daha düşmənə mənəvi zərbə vurdu, şəhidlərimizin ruhu şad oldu.

Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev 2021–ci ildə Şuşadan–Cıdır düzündən, 2022-ci ildə Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsindən, 2023-cü ildə yenə də rayonumuzun Talış kəndindən, bu il isə Xankəndindən  Azərbaycan xalqini təbrik edib, bayram tonqalını yandırdı.  

Qoy bir daha çatılan  tonqallarımız sönməsin!

Rayon rəhbəri qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğının hər kəsə bir örnək olduğunu vurğulayıb.

Qeyd edib ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında doğma Qarabağımız yenidən dirçəlir, bir gülüstana çevirilir. İşğaldan azad edilmiş torpaqlarımızda, şəhər və rayonlarımızda  nəhəng quruculuq işləri başlanıb. Ağıllı kəndlər salınır, şəhərlər bərpa edilir, uzun illər dogma ocaqlarından didərgin düşmüş məcburi köçkünlər geriyə dönürlər.

Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək tərtərliləri ilaxır çərşənbəsi  və Novruz bayramı münasibəti ilə təbrik edib. Novruz bayramının xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramı olduğunu bildirib. Qeyd edib ki, Novruz qədər zəngin ənənəyə malik ikinci bir bayram təsəvvür etmək çətindir.

Tədbir Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyi tərəfindən hazırlanan şən və rəngarəng konsert proqramı ilə davam etdirilib.

Bayram  tədbirində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir  qrup tərtərliyə rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının  fəxri fərmanları təqdim olunub.

Keçidlər