Tərtərli şəhid ailələri və Vətən müharibəsi əlilləri müalicə və istirahət üçün Naftalan şəhərinə yola salınıb
Avqustun 13-də Tərtər rayon və Naftalan şəhər İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayondan olan bir qrup şəhid ailəsi və Vətən müharibəsi əlili müalicə və istirahət üçün Naftalan şəhərində yerləşən “Kəpəz” Müalicə və Sağlamlıq Mərkəzinə yola salınıb.
Yolasalma mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov da iştirak edib.
Naftalan şəhərinə yola salınan şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə görüşən rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən, şanlı Zəfər tarixi yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, vahid dövlət-ordu-xalq birliyindən danışıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını dilə gətirib. Bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir. Mütamadi olaraq şəhid və qazi ailələri ilə keçirilən görüşlərdə onların qayğıları, qarşılaşdıqları problemlər araşdırılır və yerində həll olunur. Bu istiqamətdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid və qazi ailələrinə dəstək üçün ardıcıl olaraq sosial layihələr həyata keçirilir.
Tədbirdə iştirak edən şəhid ailələri və Vətən müharibəsi əlilləri onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid ailələri və Vətən müharibəsi əlilləri rayon rəhbəri ilə birlikdə xatirə şəkli çəkdirərək Naftalan şəhərinə yola salınıb.
Şəhid ailələri Naftalan şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları və Mərkəzin rəhbəri tərəfindən qarşılanıb, onlara müalicə prosesi barədə ətraflı məlumat verilib, müayinə olunduqdan sonra müalicə prosesinə başlayacaqları bildirilib.






