Tərtərli pambıqçılar 2025-ci təsərrüfat ilində də bol məhsul yetişdirmək əzmindədirlər
Son illər respublikamızda kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafına diqqət xeyli artırılıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu mühüm təsərrüfat sahəsinə göstərdiyi diqqət və qayğıdan ruhlanan pambıqçılar fədakarlıqla çalışır, hər il böyük uğurlar qazanırlar. Ölkəmizin pambıqçılıq rayonlarından olan Tərtər rayonunda da bu istiqamətdə önəmli addımlar atılır.
Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazovla birlikdə Azad Qaraqoyunlu kəndində fermer Rahim Quluyevin pambıq sahəsində mövcud vəziyyətlə yerində tanış olub, fermerlərə müvafiq tövsiyələrini veriblər.
Qeyd edək ki, ötən il rayon üzrə 2436,5 hektar əkin sahəsindən 7229,9 ton pambıq istehsal olunub, hər hektardan 29,7 sentner məhsul götürülüb. Tərtərli pambıqçılar 2025-ci təsərrüfat ilində də bol məhsul yetişdirmək əzmindədirlər. Bunun üçün əkin sahələrində aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılır. Bu il pambıq səpini üçün 2769 hektar sahədə müqavilə bağlanılıb. Bu günə kimi 2759 hektar sahədə pambıq səpilib, hazırda 2654 hektar sahədə bitiş alınıb. Çiyid səpini davam etdirilir.