Tərtərli kümçülərə ipəkqurdu toxumu paylanılıb
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Respublikamızın digər bölgələrində olduğu kimi, Tərtər rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
Ötən il Tərtər rayonunda 14,8 ton barama istehsal edilib. Bu il isə 12 tona yaxın yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Bərdə Barama “AZ.SİLK” MMC-dən 300 qutu barama qurdu gətirilərək kümçülərə təhvil verilib. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb.
Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verir.