Tərtərin Xoruzlu kəndində 432 şagird yerlik məktəb binası istifadəyə verilib
Sentyabrın 15-də Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbi üçün inşa edilən 432 şagird yerlik bina istifadəyə verilib. Məktəb binasının tikintisi Prezident İlham Əliyevin “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 3 iyun tarixli Sərəncamına əsasən aparılıb.
Məktəb binasının açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, təhsil işçiləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə məktəbin həyətində şəhidlərin xatirəsinə inşa olunmuş abidəni ziyarət edib, önünə tər gül-çiçək düzüblər.
Tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, müəllim, şagird və valideynləri yeni tədris ilinin başlanması və təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü ardıcıl tədbirlərdən danışıb.
Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayan M.Məmmədov, 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan Qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən də söz açıb. Məktəbliləri yaxşı oxumağı, elmə, biliyə daha dərindən yiyələnməyi, milli ruhda böyüməyi, Vətəni sevməyi, ulu öndər Heydər Əliyevin ideyalarına, azərbaycançılıq məfkurəsinə sadiq gənclər kimi yetişdirməyi tövsiyə edib.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə verilən önəmdən, təhsil ocaqlarının maddi-texniki bazasının qücləndirilməsinə yönəldilən mühüm tədbirlərdən söz açıb.
G.Əbdülov pedaqoji kollektivi tədrisin keyfiyyətini daha da yaxşılaşdırmağa, şagirdləri biliklərə daha əzmlə yiyələnməyə çağırıb. Bildirib ki, dövlətimizin daha da qüdrətli olması üçün güclü təhsilə sahib olmaq önəmlidir. Bunun üçün çalışqanlıq, əzmkarlıq, dürüstlük, qətiyyət, xalqa sevgi, dövlətə sədaqət kimi mənəvi dəyərlər daim zehin və ürəklərimizdə olmalıdır.
Tədbirdə məktəbin direktoru Elşən Səfərov, XI sinif şagirdi Tacirə Məmmədova, kənd ağsaqqalı Mayıl Alışov, Şəhid atası Əhliman Hüseynov, şəhid bacısı Nailə Məmmədova da çıxış edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Məktəbin tikintisində əməyi olanlara fəxri fərman və hədiyyə verilib.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar. Zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət məktəbdə sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, qızlar və oğlanlar üçün texnologiya otaqları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, elektron kitabxana, yeməkxana, inzibati otaqlar otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təmin edilib. Məktəbin həyətində hasar çəkilib, tamet və asfalt örtük döşənib, abadlıq işləri aparılıb, nəzarət buraxılış məntəqəsi, şəhidlər abidəsi, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa edilib, subartezian quyusu qazılıb, işıqlandırma dirəkləri basdırılıb.
2022-2023-ci tədris ilində təhsil müəssisəsində 477 şagird, məktəbəhazırlıq qrupunda isə 30 uşaq təhsil prosesinə cəlb olunub. Məktəbdə 43 nəfər pedaqoji işçi çalışır.