Tərtərin Sarov, Bəyimsarov və Borsunlu kənd məktəblərinin fərqlənən müəllim və əlaçı şagirdləri mükafatlandırılıb
Tərtər Rayon İcra Hakimiyyətində 97 saylı seçki dairəsinə aid olan Tərtər rayonunun Sarov, Borsunlu və Bəyimsarov kəndlərindən təhsildə yüksək göstəricilər əldə etmiş müəllim və əlaçı şagirdlərlə görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev və Tərtər Təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov təhsidə yüksək nailiyyətlər qazanan müəllim və əlaçı şagirdləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edərək, onlara təhsildə yeni-yeni uğurlar diləyib.
Rayon rəhbəri respublika prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilə, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğını dilə gətirib. Qeyd edib ki, hər il dövlət və Heydər Əliyev Fondu tərəfindən yüzlərlə yeni məktəb, uşaq evləri, məktəbəqədər müəssisələr üçün inzibati binalar tikilir və təmir işləri aparılır. Biz bunu öz rayonumuzun timsalında da aydın görürük. Ötən il respublika prezidentinin sərəncamı ilə Xoruzlu kəndində 432 şagird-yerlik yeni məktəb istifadəyə verildi. Bu il isə Heydər Əliyev Fondu tərəfindən 320 şagird-yerlik Azadqaraqoyunlu kənd və Təhsil Nazirliyi tərəfindən 360 şagird-yerlik şəhər 5 nömrəli tam orta məktəbləri üçün yeni binalar istifadəyə verilir, 5 məktəbimizdə isə Təhsil Nazirliyinin xətti ilə təmir işləri aparılıb.Görülən işlər rayonumuzda təhsilin yüksək səviyyəyə qalxmasına xidmət edir və şagirdləri daha yaxşı oxumağa ruhlandırır.
Sonra Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev çıxış edrək, müəllim və şagirdlərə deputatın təbriklərini çatdırıb. Bildirib ki, 97 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Ağalar Vəliyev hər il olduğu kimi bu il də öz ənənəsinə sadiq qalaraq tədrisdə fərqlənən müəllim və əlaçı şagirdləri mükafatlandırıb. Bu,Tərtər təhsilinə göstərilən diqqət və qayğının təzahürüdür.
Tədbirdə Sarov, Bəyimsarov, Borsunlu kənd məktəblərindən 5 nəfər müəllimə 500 manat, 53 nəfər əlaçı şagirdə isə 100 manat məbləğində pul mükafatı təqdim olunub.
Görüşdə mükafatlandırılan müəllim və şagirdlər onlara göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.