Tərtərdən 18 nəfər qazi müalicə və istirahət üçün Naftalan şəhərinə yola salnıb
Sentyabrın 13-də Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondan olan 18 nəfər qazi müalicə və istirahət üçün Naftalan şəhərində yerləşən “Gold Naftalan” Müalicə və Sağlamlıq Mərkəzinə yola salınıb. Onların müalicə və sağlamlıq mərkəzində müalicə kursu qəbul etmələri və istirahətləri təmin olunacaq.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Naftalan şəhərinə yola salınan qazilərlə görüşüb. Onlar əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Görüşdə çıxış edən rayon rəhbəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən, şanlı Zəfər tarixi yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, vahid dövlət-ordu-xalq birliyindən danışıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını dilə gətirib. Bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir. Mütamadi olaraq şəhid və qazi ailələri ilə keçirilən görüşlərdə onların qayğıları, qarşılaşdıqları problemlər araşdırılır və yerində həll olunur. Bu istiqamətdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid və qazi ailələrinə dəstək üçün ardıcıl olaraq sosial layihələr həyata keçirilir. Bu gün 18 nəfər qazinin Naftalan şəhərinə müalicə və istirahət üçün göndərilməsi bunun bariz nümunəsidir.
Tədbirdə iştirak edən qazilər onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qazilər Naftalan şəhərinə yola salınmadan öncə rayon rəhbəri ilə birlikdə xatirə şəkli çəkdiriblər.