Tərtərdən 12 nəfər şəhid ailəsi və 2 nəfər Vətən müharibəsi əlili müalicə və istirahət üçün Naftalan şəhərinə yola salnıb
Dekabrın 19-da Tərtər Rayon İcra Hakimiyyətinin və Naftalan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayondan olan 12 nəfər şəhid ailəsi və 2 nəfər Vətən müharibəsi əlili müalicə və istirahət üçün Naftalan şəhərində yerləşən “Gold Naftalan” MMC Müalicə və Sağlamlıq Mərkəzinə yola salınıb. Onların müalicə və sağlamlıq mərkəzində müalicə kursu qəbul etmələri və istirahətləri təmin olunacaq.
Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Naftalan şəhərinə yola salınan şəhid ailələri və Vətən müharibəsi əlillərilə görüşüb.
Görüşdə çıxış edən rayon rəhbəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən, şanlı Zəfər tarixi yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, vahid dövlət-ordu-xalq birliyindən danışıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını dilə gətirib. Bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir. Mütamadi olaraq şəhid və qazi ailələri ilə keçirilən görüşlərdə onların qayğıları, qarşılaşdıqları problemlər araşdırılır və yerində həll olunur. Bu istiqamətdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid və qazi ailələrinə dəstək üçün ardıcıl olaraq sosial layihələr həyata keçirilir. Bu gün 12 nəfər şəhid ailəsi və 2 nəfər Vətən müharibəsi əlili Naftalan şəhərinə müalicə və istirahət üçün göndərilməsi bunun bariz nümunəsidir.
Tədbirdə iştirak edən şəhid ailələri və Vətən müharibəsi əlilləri onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid ailələri və Vətən müharibəsi əlilləri rayon rəhbəri ilə birlikdə xatirə şəkli çəkdirərək Naftalan şəhərinə yola salınıb. Naftalan şəhər İcra Hakimiyyətinin və “Gold Naftalan” MMC-nin əməkdaşları tərəfindən qarşılanan qonaqlar müalicə və sağlamlıq mərkəzində onlar üçün ayrılmış xüsusi otaqlarda yerləşdirilmişdir.