Tərtərdə yerləşən N nömrəli hərbi hissədə Novruz şənliyi keçirilib
Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə bayram tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, sonra əsgər və zabitlərlə birlikdə Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar.
Tədbirdə Azərbaycan Respublikasının Hərbi prokuroru, Azərbaycan Respublikası Baş prokurorunun müavini, ədliyyə General leytenantı Xanlar Vəliyev, Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı General leytenant Ənvər Əfəndiyev, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, hərbi hissənin şəxsi heyəti iştirak edib.
Tədbirdə şıxış edən Azərbaycan Respublikasının Hərbi prokuroru, Azərbaycan Respublikası Baş prokurorunun müavini, ədliyyə General leytenantı Xanlar Vəliyev və Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı General leytenant Ənvər Əfəndiyev Novruz bayramı münasibətilə əsgər və zabitləri təbrik edib, onlara xoş arzularını çatdırıblar. Bildiriblər ki, Ümummilli liderimiz Heydər Əliyevin Ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Silahlı qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənmiş, maddi-texniki bazası gücləndirilmiş və döyüş qabiliyyəti artırılmışdır. Ulu öndər Heydər Əliyev Ordunun xalqımızın tərkib hissəsi olmasını vurğulamaqla, dövlətin, xalqın qayğısı ilə əhatə olunmasını, hər kəsin Orduya qayğı göstərməsini də tövsiyə edib.
Ümummilli liderimiz, Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Heydər Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, Ordu ququculuğu sahəsində də uğurla davam etdirilir. Azərbaycanda iqtisadi inkişafın sürətlənməsi ölkəmizin təhlükəsizlik və müdafiə potensialının möhkəmlənməsinə bilavəstə təsir göstərmiş, Silahlı Qüvvələrdə moderin islahatlar aparmağa imkan vermiş, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, eyni zamanda hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müntəzəm olaraq cəbhə bölgələrinə səfər edərək əsgər və zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçulara Vətənin mükafatlarını təqdim etməsi Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradır, onları mətin mübarizəyə ruhlandırır.
Bütün bunların nəticəsi olaraq 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyilə rəşadətli ordumuz 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü bərpa etməyə müvəffəq olmuşdur.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov da çıxış edərək bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirərək 44 günlük Vətən müharibəsində Zəfər qazanıb. Əsgərlər və zabitlər şərəfli peşə sahibi olduğunu bir daha sübut ediblər. Diqqətə çatdırıb ki, torpaqlarımız şəhidlərin qanı bahasına azadlığa qovuşub. Bu gün Vətənin keşiyində dayanan əsgərlər və zabitlər onlara əmanət olan torpaqları göz bəbəyi kimi qoruyurlar. Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti bugün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ali rəhbərliyi altında özünün ən dinamik inkişaf dövrünü yaşayır. İndi Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti olduğu kimi, rəşadətli Ordusu da regionun ən qüdrətli ordusudur.
Hərbi hissənin rəhbərliyi qonaqlara təşəkkürünü bildirib və belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib. Bildirilib ki, əsgər və zabitlər Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazırdırlar.
Çıxış edən hərçbilər göstərilən xüsusi diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən əsgərlərə bayram sovqatları verilib, Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları tərəfindən onlar üçün konsert proqramı təşkil olunub.