Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə yaşıllıq zonalarına aqrotexniki qulluq göstərilir, zərərvericilərə qarşı mübarizə tədbirləri aparılır

12 fevral 2026 | 14:43

Tərtər rayonunda yaşıllıq sahələrinin qorunması, ağac və kol bitkilərinə zərər vuran xəstəlik və zərərvericilərə qarşı mübarizə məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir.

Tədbirlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müraciəti və rayon rəhbərliyinin tapşırığına əsasən icra olunur.

Qeyd edək ki, mütəxəssislər tərəfindən aparılan monitorinqlər zamanı müəyyən edilmişdir ki, son illərdə ölkə ərazisində müxtəlif dövrlərdə əkilmiş Eldar şamlarında (Pinus eldarica Medw.) kəskin quruma halları müşahidə olunmaqdadır. Beynəlxalq və yerli ekspertlərin rəyinə əsasən, bu qurumaya əsas səbəb spesifik zərərvericilər olan qabıq böcəkləri (Orthotomicus erosus) və adi şam yastıcasıdır (Leucaspis pusilla). Bu zərərvericilər əsasən orta yaşlı və yaşlı şam ağaclarına ciddi ziyan vuraraq onların sıradan çıxmasına səbəb olur.

Həmçinin, ərazidəki tut, çinar və qarağac ağaclarında Amerika ağ kəpənəyinin mövcudluğu və həmin həşəratların ağacların yarpaq və gövdə hissələrini zədələdiyi aşkar edilib.

Yaranmış risklərin aradan qaldırılması məqsədilə Aqrar Xidmətlər Agentliyinin Bərdə Regional Bitki Mühafizəsi, Fumiqasiya və Zərərsizləşdirmə Mərkəzinin Tərtər rayon nümayəndəliyi tərəfindən yaşıllıq zonalarına operativ baxış keçirilib. Müvafiq ərazilərdə, parklarda və yol kənarlarında kimyəvi dərmanlama işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Bundan başqa, təhlükəli invaziv növ sayılan qəhvəyi mərmər bağacığının yayılmasının qarşısını almaq məqsədilə strateji nöqtələrdə xüsusi tutucu feromon tələlər quraşdırılıb.

Rayon ərazisində ekoloji tarazlığın qorunması və yaşıllıqların mühafizəsi istiqamətində bu növ tədbirlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər