Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib

26 oktyabr 2024 | 13:06

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Bərdə-Ağdam magistral avtomobil yolunun Köçərli kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Ümumtəhsil məktəblərinin kollektivləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və  Təbii Sərvətlər İdarəsinin əməkdaşları, İƏD üzrə nümayəndələr, konüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, ərazilərdə eldar şamı, küknar, sərv ümumilikdə 1200 ədəd ağac əkilib. Əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.

Keçidlər