Tərtərdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlı “dəyirmi masa” keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlı “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da rayon icra hakimiyyətinin məsul işçiləri, YAP rayon təşkilatının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.
Tədbirdə öncə Dövlət himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev çıxış edərək, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. İl çərçivəsində respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da ağacəkmə aksiyaları, ətraf mühitin təmiz saxlanması üçün iməciliklər keçirilir, yaşıllıq zolaqları salınır, insanları maarifləndirici tədbirlər təşkil olunur. Tədbirlərdə atmosfer çirklənməsi, iqlim dəyişikliyi və onunla mübarizə üsulları, ətraf mühitin sağlamlaşdırılması, flora və faunanın qorunması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində maarifləndirici söhbətlər aparılır.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Qeyd olunub ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Sonra YAP rayon təşkilatının məsləhətçisi Əli Paşayev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Rafil Əşrəfli, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquqşünası Rəşad Hüseynov, Tərtər Peşə Məktəbinin müəllimi Qalalı Hüseynov cıxış edərək öz fikirlərini bildiriblər. Çıxışlarda qeyd olunub ki, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühim işlər aparılır.
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.
Bildirilib ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. COP həm də bəşər həmrəyliyinin simvoluna çevriləcək, hamı üçün daha təhlükəsiz, firavan və davamlı gələcək naminə platforma kimi tarixə düşəcəkdir