Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər-Hindarx avtomobil yolunun İsmayılbəyli kəndi ərazisindən keçən hissəsində ayrılmış 1 hektar ərazidə ağacəkmə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Qarabağ Regional Turizim İdarəsinin, 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin əməkdaşları, şəhid ailələri, veteranlar, YAP rayon təşkilatının, idarə, müəssisə, təşkilatların kollektivləri, İƏD üzrə nümayəndələr, konüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 500 ədəd eldar şamı əkilıib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.