Tərtərdə YAP-ın 30 illik yubileyinə həsr olunmuş regionlararası mini futbol turnirinə start verilib
Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətiylə Yeni Azərbaycan Partiyası və YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində 18-30 yaşlılardan ibarət Tərtər, Ağdam, Şuşa, Xocalı, Bərdə və Füzuli rayonlarından olan komandaların iştirakı ilə regionlararası mini futbol turnirinə start verilib.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramal anıblar.
Tərtər Olimpiya İdman Kompleksində davam edən tədbirdə öncə Yeni Azərbaycan Partiyasının qurucusu olan Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ulu Öndər Heydər Əliyevin nurlu ideyaların daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının ümumxalq partiyasına çevrilməsindən, Azərbaycan dövlətinin bu günkü inkişafından, Vətən müharibəsində Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərdən danışaraq, komandalara yarışda uğur qazanmağı arzulayıb.
YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov çıxış edərək tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb, partiyanın dövlət müstəqilliyimizin möhkəmləndirilməsində yeri və rolundan danışıb, futbol komandalarına yarışda uğurlar diləyib.
Sonra mini futbol turnirinə start verilib.