Tərtərdə xüsusi qayğıya ehtiyacı olan, aztəminatlı və əlilliyi olan uşaqlar üçün bayram şənliyi təşkil edilib
Tərtərdə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan, aztəminatlı və əlilliyi olan uşaqlar üçün bayram şənliyi təşkil edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Uşaq Günərzi Qayğı Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bayram şənliyində 30-dan çox uşaq iştirak edib.
Əvvəlcə Vətən uğurunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edərək əvvəlcə qarşıdan gələn 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti bütün balaları təbrik edib, onlara ən səmimi arzularını bildirib. Qeyd edib ki, “Uşaqlar bizim gələcəyimizdir”, - deyən ulu öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısı bu gün Respublika Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Respublikamızda saysız-hesabsız məktəb binaları, uşaq bağçaları tikilib körpə fidanların istifadəsinə verilir. Bunun nəticəsidir ki, Azərbaycan uşaqları bu gün dünyanının ən xoşbəxt uşaqlarıdır. Ölkə Prezidentimiz İlham Əliyevin milli maraqlar və milli dəyərlər üzərində qurulmuş müstəqil siyasəti nəticəsində Azərbaycanın başa vurmaqda olduğumuz 2022-ci ildə daha da inkişaf etdiyini, ölkəmizin siyasi gücünün və iqtisadi potensialının gündən-günə artdığını, dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımıza qüdrətli dövlətimiz tərəfindən verilən dəstəyin davam etdirildiyini bildirib.
Tədbirdə digər çıxış edənlər uşaqları təbrik edib, xoş arzularını çatdırıblar. Bildirilib ki, Azərbaycanda uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu Öndər tərəfindən qoyulmuş bu siyasi xətt Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Şənlik uşaqların ifasında maraqlı rəqslər və musiqi nömrələri ilə davam edib. Şənliyə Şaxta baba və Qar qızın qoşulması uşaqları daha da sevindirib və bayram tədbirini onlar üçün unudulmaz edib.
Şənliyin sonunda rayon rəhbəri tərəfindən uşaqlara hədiyyələr təqdim edilib.