Tərtərdə “Xocalı soyqırımı”na həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib
19 fevral 2024-cü il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsi Tərtər Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı soyqırımı”na həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib. Müsabiqəyə rayonun 44 ümumtəhsil məktəbinin şagirdləri qatılıblar.
Əvvəlcə azadlığımız, müstəqilliyimiz və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Müsabiqədə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İştimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev və rayon Təhsil Sektorunun əməkdaşı Kifayət Mürsəlova iştirak edib. Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Zabil Paşayev və rayon Təhsil Sektorunun əməkdaşı Kifayət Mürsəlova çıxış edərək bu soyqırımın bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşi cinayət aktı olduğunu bildiriblər. Çıxışçılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində tarixi qələbə qazandığını, torpaqlarımızın düşmən tapdağından azad edildiyini, soyqırım qurbanları və şəhidlərimizin qisasının alındığını qeyd ediblər.
Sonra müsabiqəyə start verilib. Bir akademik saat vaxt ayrılan inşa-yazı müsabiqəsinin nəticələri müəyyən edildikdən sonra qaliblər rayon təhsil şöbəsinin diplomları ilə təltif ediləcəklər.