Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Xocalı soyqırımına həsr olunan anım tədbir keçirilib

26 fevral 2023 | 10:57

Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində anım  tədbiri keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və Xocalıdan olan ailələr iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu öndər Heydər Əliyevin abidəsinin və Şəhidlər Abidə kompleksinin önünə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.

Sonra rayon Mədəniyyət Mərkəzinin foyesində məktəblilərin faciəyə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə nümayiş etdirilən hər bir eksponatda, hər bir rəsmdə xocalıların fəryadı, harayı əks olunub. Uşaqların rəsmlərində faciə ilə bərabər Qələbə ruhu da öz əksini tapıb.

Tədbir rayon Mədəniyyət Mərkəzinin iclas zalında davam etdirilib.

Öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin, Xocalı faciəsi qurbanlarının və qardaş Türkiyədə zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Sonra Xocalı qətlamına həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə giriş sözü ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov xalqımızın qan yaddaşına əbədi həkk olan Xocalı faciəsinin XX əsrin ən dəhşətli soyqırım cinayətlərindən olduğunu bildirib və faciə qurbanlarına Allahdan rəhmət diləyib.

Qeyd olunub ki, Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.

Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

İşğal nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdıldı.

XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən Xocalı soyqırımının insanlığa qarşı ən qatı terror aktı və bəşəriyyətə qarşı tarixi cinayət olduğunu vurğulayan rayon rəhbəri Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymətin 1994-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin səyi nəticəsində verildiyini və 26 fevral - “Xocalı soyqırımı günü” elan edildiyini bildirib. Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin, birinci Vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi missiyadan danışıb, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş “Xocalıya Ədalət” Beynəlxalq təbliğat-təşviqat kompaniyasının Xocalı soyqrımının beynəlxalq cinayət olaraq dünyaya çatdırılmasında böyük rolunun olduğunu qeyd edib. Bildirib ki, illərlə bu soyqırım cinayəti əsl beynəlxalq hüquqi-siyasi qiymətini almasa da, müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərlə tarixi ədalət bərpa edilib və şəhidlərimizin qanı yerdə qalmayıb. Xocalı qurbanların yarımçıq qalmış arzuları gerçəkləşib, torpaqlarmız işğaldan azad edilib.

Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, Xocalı sakini Gövhər Orucova, Sarıcalı kənd tam orta məktəbinin müəllimi Esmira Qəhrəmanzadə çıxış edərək tarix boyu sülh və əmin-amanlıq tərəfdarı olan Azərbaycan xalqının başına gətirilən faciələrdən, ermənilərin Xocalının dinc sakinlərinə, qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan qəddarlıqlarından danışıblar. Bildiriblər ki, son iki yüz il ərzində erməni şovinistləri öz havadarlarının köməyi ilə Azərbaycan xalqına və dövlətinə qarşı etnik təmizləmə, işğalçılıq siyasəti həyata keçirsələr də, Prezident İlham Əliyevin diplomatik məharəti, Azərbaycan Ordusunun peşəkarlığı və xalqımızın Ali Baş Komandan ətrafında “dəmir yumruq” kimi birləşməsi sayəsində haqq-ədalət bərqərar olub, torpaqlarımız bütövləşib.

Sonda Tərtər rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət dərnəyinin üzvlərinin iştirakı ilə “Qarabağa gedirəm” başlığı altında ədəbi-bədii kompozisiya səsləndirilib.

Keçidlər