Tərtərdə Xocalı faciəsinin qurbanları ehtiramla yad edilib
Fevralın 26-da Tərtər sakinləri XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Tərtər şəhərində şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksini ziyarət ediblər.
Ziyarət mərasimində Tərtər Rayon İcra Hakimiyətinin, hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının əməkdaşları, şəhid ailələri, veteranlar, qazilər, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə faciə qurbanlarının və eləcə də müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub, abidə önünə gül dəstələri düzülüb.
Qeyd olunub ki, bu gün Xocalı qurbanların yarımçıq qalmış arzuları gerçəkləşib, torpaqlarmız işğaldan azad edilib. Böyük Qələbəmizdən sonra indi şəhidlərimizin ruhu rahatlıq tapıb. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin, rəhbərliyi altında Azərbaycan Ordusu onların intiqamını alıb, torpaqlarımız bütövləşib.
Gün ərzində rayon sakinləri tərəfindən Şəhidlər Abidə Kompleksinin ziyarəti davam edəcək.