Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Vətəndaşsızlıq hallarının aradan qaldırılması və miqrasiya qanunvericiliyi” mövzusunda maarifləndirilmə tədbiri keçirilib

30 sentyabr 2024 | 16:51

YAP Tərtər rayon təşkilatının akt zalında Yevlax Regional Miqrasiya idarəsi tərəfindən “Vətəndaşsızlıq hallarının aradan qaldırılması və miqrasiya qanunvericiliyi” mövzusunda maarifləndirilmə tədbiri keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Yevlax Regional Miqrasiya idarəsinin, İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatında İçtimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev və Hüquq şöbəsinin məsləhətçisi Çingiz İsayev çıxış edərək bildirib ki, respublika  Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları - sərbəst hərəkət etməsi və yaşayış yeri seçməsi, təhsil alması, əmək fəaliyyəti ilə məşğul olması, səhmdar və sahibkar kimi fəaliyyət göstərməsi, şəxsi toxunulmazlığı, mənzil toxunulmazlığı, istirahət etməsi, sağlamlığının qorunması, vicdan azadlığı tam təmin olunur.

Yevlax Regional Miqrasiya idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüsal Xəlilov, Yevlax Regional Miqrasiya idarəsinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin rəisi Hüseyn Qocamanov Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən, qarşıda duran vəzifələrdən, vətəndaşsızlıq halları ilə mübarizə, vətəndaşsızlıq hallarının aradan qaldırılması sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ölkənin bütün regionları üzrə müvafiq işlər  görülməsi barədə məlumat veriblər.

Tədbirdə vətəndaşlıq haqqında Qanunun tələbləri, vətəndaşlığın itirilməsi halları, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı prosedurları barədə də izahedici söhbətlər aparılıb.

Tədbir iştirakçılarının vətəndaşlıq məsələləri və olduğu yer üzrə qeydiyyatla bağlı sualları qanunvericiliyə uyğun olaraq cavablandırılıb.  

Tədbir iştirakçıları Dövlət Miqrasiya Xidməti tərəfindən belə bir maarifləndirmə tədbirinin təşkilini təqdirəlayiq hal kimi qiymətləndirib və minnətdarlıqlarını bildiriblər.

Keçidlər