Tərtərdə “Vətəndaşsızlıq hallarının aradan qaldırılması və miqrasiya qanunvericiliyi” mövzusunda maarifləndirilmə tədbiri keçirilib
Tərtər rayon Gənclər Mərkəzinin akt zalında Yevlax Regional Miqrasiya idarəsi tərəfindən “Vətəndaşsızlıq hallarının aradan qaldırılması və miqrasiya qanunvericiliyi” mövzusunda maarifləndirilmə tədbiri keçirilib. Tədbirdə rayonun ümumtəhsil məktəblərinin direktorları və İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin dövlət qulluqçuları iştirak ediblər.
Tədbiri giriş sözü ilə acan rayon icra hakimiyyəti başçısı aparatında İçtimai- siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev bildirib ki, respublika Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları - sərbəst hərəkət etməsi və yaşayış yeri seçməsi, təhsil alması, əmək fəaliyyəti ilə məşğul olması, səhmdar və sahibkar kimi fəaliyyət göstərməsi, şəxsi toxunulmazlığı, mənzil toxunulmazlığı, istirahət etməsi, sağlamlığının qorunması, vicdan azadlığı tam təmin olunur.
Yevlax Regional Miqrasiya idarəsinin rəisi Hüseyn Qocamanov və idarənin inspektoru Tural Qarayev Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən, qarşıda duran vəzifələrdən, vətəndaşsızlıq halları ilə mübarizə, vətəndaşsızlıq hallarının aradan qaldırılması sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ölkənin bütün regionları üzrə müvafiq işlər görülməsi barədə məlumat veriblər.
Tədbirdə vətəndaşlıq haqqında Qanunun tələbləri, vətəndaşlığın itirilməsi halları, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı prosedurları barədə də izahedici söhbətlər aparılıb.
Tədbir iştirakçılarının vətəndaşlıq məsələləri və olduğu yer üzrə qeydiyyatla bağlı sualları qanunvericiliyə uyğun olaraq cavablandırılıb.
Tədbir iştirakçıları Dövlət Miqrasiya Xidməti tərəfindən belə bir maarifləndirmə tədbirinin təşkilini təqdirəlayiq hal kimi qiymətləndirib və minnətdarlıqlarını bildiriblər.