Tərtərdə Vətən müharibəsinin cəsur döyüşçüsü, gizir Əhməd İsmayılovun toy mərasimi olub
Tərtər şəhərində keçirilən toy mərasimində onun yaxınları, ailə üzvləri ilə bərabər, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclis sədrinin müavini Adil Əliyev, Vətən Müharibəsi qaziləri, veteranları, silahdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimdə çıxış edərək, yeni ailə quran gəncləri təbrik edib, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini, onların “baş tacı”mız olduğunu bildirib. Əhməd İsmayılovun 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş sücaətlərindən danışıb. Onun öz Vətənini, torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi, yaxşı ailə başçısı olacağını bildirib.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinə, müharibə veteranlarının problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.
Milli Məclis sədrinin müavini Adil Əliyev cəsur döyüşçünü ailə qurmağı münasibəti ilə təbrik edib, onlara xoşbəxt, firavan həyat arzulayıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında tarix yazan oğullar-şəhidlər, qazilər, veteranlar sayəsində zəfər qazanılıb. Onlara diqqət və qayğı isə hər bir dövlət məmurunun borcudur. Biz Respublika Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə apardıqları məqsədyönlü işlərdən nümunə götürməliyik. Milli Məclisin sədr müavini Adil Əliyev Əhməd İsmayılov kimi oğulların Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqların gənc nəsilə bir örnək olduğunu, xalqımızın bu cür oğullarla fəxr etdiyini bildirib.
Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə və digər çıxış edənlər də yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, ailə səadəti arzulayıblar.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri, beş qat Azərbaycan çempionu Əhməd İsmayılov 1983-cü ildə Füzuli rayonunda anadan olub. 1989-2000-ci illərdə Tərtər şəhər 2 saylı məktəb-liseydə təhsil alıb.
2001-2003-cü illərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda N saylı hərbi hissənin kəşfiyyat taborunda xidmət edib. 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı kəşfiyyat taborunda xidmət edir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Mübariz İbrahimovun şəhid olduğu və digər 20-yə yaxın postun, Talış, Suqovuşan kəndlərinin, bir neçə yüksəkliyin alınmasında fəal iştirak edib.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.