Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi zamanı dağılmış yaşayış sahələrinin əvəzinə inşa edilən evlərin mülkiyyət hüququ rəsmiləşdirilib

23 dekabr 2022 | 15:15

Dövlət başçısının “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli Fərmanının icrası istiqamətində müvafiq tədbirlər görülür.

Fərmanın icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dekabrın 23-də Tərtər rayonunda səyyar qeydiyyat xidmətləri göstərib. Belə ki, Vətən müharibə zamanı erməni terroru nəticəsində dağılmış və yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi aparılıb. Qeyd edək ki, Tərtər rayonunda Fərmanın əhatə etdiyi 70 ev siyahıya alınıb.

Belə tədbirlər sayəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər. Bütün bunlar isə vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur.

Məlumat üçün bildiririk ki, Xidmətin rəsmi saytında “Azərbaycan Respublikasının Prezidentinin 07 aprel 2022-ci il tarixli 1656 nömrəli Fərmanının əhatə etdiyi şəxslərin adlı siyahısı” adlı panel yerləşdirilib. Paneldə adıçəkilən Fərmanın əhatə etdiyi şəhər və rayonların siyahısı, şəxslərin adı qeyd edilib. Linkə keçid etməklə siyahı ilə tanış olmaq mümkündür: (https://clck.ru/335puJ )                                                                                 

Keçidlər