Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidinin doğum günü qeyd olundu

09 iyul 2025 | 17:39

“Konstitusiya və Suverenlik İli” çərçivəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun  Qaynaq kənd sakini Surxayzadə Cahangir Hətəm oğlununun doğum günü qeyd olunub.

Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Tərtər Rayon Polis Şöbəsi rəisinin şəxsi heyyətlə iş üzrə köməkçisi, polis mayoru Samir Bayramov, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhidin məzarını və kənddə adına inşa edilmiş bulağı ziyarət edib, önünə gül dəstələri düzərək ruhuna dualar oxuyublar. Sonra Qaynaq kənd tam orta məktəbində şəhidin adına verilmiş sinif otağında olub, şəhidin keçdiyi döyüş yolundan danışıb, xatirələrini bölüşüblər.

Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri Surxayzadə Cahangir Hətəm oğlu 1996-cı il iyulun 9-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 10-da Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində dəfn olunub.

Şəhid Surxayzadə Cahangir 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər