Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidinin ad günü məzarı önündə qeyd olundu

27 may 2022 | 13:54

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun  Hacıqərvənd kəndind sakini Mirzəli Rəşad Hafiz  oğlununun doğum günü məzarı önündə qeyd olunub.

Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri və şəhidin yaxınları şəhidin məzarını  ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Mirzəli Rəşad Hafiz oğlu 1995-ci il mayın 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət zamanı Azərbaycan Ordusunun sülhməramlı qüvvələrinin sırasında ölkəmizdə 6 ay qulluq edib. Sonra isə digər əsgər yoldaşları ilə birlikdə könüllü olaraq xidmətini Əfqanıstanda davam etdirib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təşəkkürnamə ilə təltif edilib, həmçinin Prezident ona gümüş saat hədiyyə edib. Hərbi qulluq müddətini başa vurduqdan sonra Azərbaycana qayıdan Rəşad Mirzəli Azərbaycan Silahlı Qüvvələrinin sırasında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Müqaviləsi başa çatdıqdan sonra Mingəçevir Şəhər İdman və Turizm Kollecinə daxil olub. Təhsilini davam etdirərkən sənədlərini Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Gizir Hazırlığı Kursuna təqdim edib. Kursu bitirdikdən sonra isə Goranboyda yerləşən “N” saylı hərbi hissədə gizir kimi fəaliyyətə başlayıb. Nümunəvi, intizamlı olduğu üçün onu tağım komandirinin müavini təyin edirlər.

Vətən müharibəsinin ilk günlərindən döyüş meydanına atılan Rəşad Mirzəli və onun döyüş yoldaşları Murov yüksəkliyi, Tərtərin Talış kəndi istiqamətində uğurlu hərbi əməliyyatlar keçirib. Sonrakı istiqamət Tərtər rayonunun Suqovuşan kəndi olub. 25 yaşlı gizir Rəşad Mirzəli oktyabrın 1-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Tədbirdən sonra Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri Şəhidin ailəsində olub, onların qayğıları ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər