Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidi Taleh Məhərzadənin qardaşı Sakit Məhərzadənin toy məclisi keçirilib

18 fevral 2024 | 15:16

Tərtər rayonundan olan Vətən müharibəsi şəhidi Məhərzadə Taleh Oqtay oğlunun qardaşının toy məclisi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin Deputatı Sahib Alıyevin köməkçisi Ədalət Həsənov, şəhid ailələri, Vətən müharibəsi qaziləri və veteranlar iştirak ediblər.

Məclis Azərbaycanın Dövlət himni ilə başlayıb, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy məclisində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb. Sonra icra başçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bizə qələbə sevincini yaşadan şəhid Taleh kimi oğlulların sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib. Qeyd edib ki, şəhidlərimizin keçdiyi döyüş yolu gənclərimizə bir örnəkdir.

Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə can sağlığı, diləyib, vətənpərvər oğullar böyütdükləri üçün şəhid valideynlərinə öz minnətdarlığını bildirib.

Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.

Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.

Qeyd edək ki, Taleh Məhərzadə 10.12.1995-ci ildə Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Taleh Məhərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Məhərzadə sentyabrın 28-də Talış kəndi  istiqamətində şəhid olub.

Subay idi. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Taleh Məhərzadə ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və  "Laçının azad olunmasına görə"  medalları ilə təltif edilib.

Şəhidin ailə üzvlər şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

 

Keçidlər