Tərtərdə Vətən Müharibəsi şəhidi Səbuhi Məmmədovun bacısının toy mərasimi keçirilib
Tərtər rayonundan olan Vətən müharibəsi şəhidi Məmmədov Səbuhi Zahid oğlunun bacısının toy mərasimi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranlar və tanınmış incəsənət nümayəndələri iştirak ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb. Sonra icra başçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bizə qələbə sevincini yaşadan şəhid Səbuhi kimi oğlulların sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib. Qeyd edib ki, şəhidlərimizin keçdiyi döyüş yolu gənclərimizə bir örnəkdir.
Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə can sağlığı, diləyib, vətənpərvər oğullar böyütdükləri üçün şəhid valideynlərinə öz minnətdarlığını bildirib.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.
Qeyd edək ki, şəhid Səbuhi Məmmədov 17 oktyabr 2000-ci il tarixdə Tərtər rayonunun Kəngərli kəndində anadan olub. 2020-ci ilin sentyabr ayının 1-də hərbi xidmətə yola düşüb, Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə o, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.