Tərtərdə Vətən müharibəsi şəhidi Qəhramanlı Yaqubun ad günü məzarı önündə qeyd olundu
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər şəhər sakini Qəhramanlı Yaqub Abdulla oğlunun doğum günü məzarı önündə qeyd olunub.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri və şəhidin yaxınları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Şəhid Yaqub Qəhrəmanlı Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalıb. Yaşat Fondunun xətti ilə uzun müddət İstanbul şəhərində İstanbul Medicana Hospitalında, İstanbul Cərrahiyə xəstəxanasında və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibbi Hospitalında müalicə alıb.
Şəhid Yaqub Qəhrəmanlı 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdu.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Yaqub Qəhrəmanlının 2 yaşında oğlu yadigar qalıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.